Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2020-01-07
Hərbi Prokurorluqda ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə dair əməliyyat müşavirəsi keçirilmişdir

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və köklü islahatlar nəticəsində ötən il dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının hərtərəfli yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırmış, 2019-cu ilin islahatlar ili kimi tarixə düşdüyünü xüsusi vurğulanmışdır.

Dövlətimizin başçısının yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın nəticəsində Azərbaycanın bütün sahələrdə sürətli inkişafının dünyanın ən mötəbər qurumları tərəfindən də qeyd olunduğunu deyən Hərbi prokuror Xanlar Vəliyev bildirmişdir ki, bütün bunlar Azərbaycanın gələcəyə inamla addımladığını əminliklə deməyə əsas verir. Millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısının xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini qeyd edən Xanlar Vəliyev Azərbaycan Prezidentinin daim xalqın içində olmasının, mütəmadi qaydada vətəndaşlarla bilavasitə görüşməsinin, onların qayğıları ilə maraqlanmasının, müraciətlərinə xüsusi həssaslıqla yanaşmasının, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsinin, üzləşdikləri bütün çətinlikləri aradan qaldırmasının dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümü olduğunu bildirmişdir. Hərbi prokuror dövlətimizin başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının müstəsna əhəmiyyətini, adı çəkilən normativ hüquqi aktın yüz minlərlə insanın rifahına müsbət təsirini xüsusi vurğulamışdır.

Dövlətimizin hərtərəfli qüdrətlənməsindən və bütün sahələrdə əldə olunan uğurlardan bəhs edən Xanlar Vəliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açmışdır. Dünya dövlətləri, o cümlədən qonşu ölkələr ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğu bildirilərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ilə Rusiya arasındakı sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən rəsmi səfərinin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Ölkəmizin hərtərəfli inkişafının Silahlı Qüvvələrdə açıq şəkildə müşahidə olunduğunu bildirən Hərbi prokuror xüsusi vurğulamışdır ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə ordunun döyüş qabiliyyəti daha da yüksələrək, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində uğurlar əldə olunmuşdur. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də işin səmərəliliyinin artırılmasına, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, bununla əlaqədar qanunamüvafiq zəruri tədbirlərin görülməsinə yönəldilmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən il də Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, ibtidai araşdırmanın keyfiyyəti daha da artırılmış, o cümlədən cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilmiş, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmişdir.

Xüsusi vurğulanmışdır ki, səbəbindən asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılmış, bu qəbildən hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülərək, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur. Eyni zamanda, hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək, Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Nəticədə bu qəbildən olan cinayət hadisələri azalmışdır.

Hərbi prokuror bildirmişdir ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla, həmçinin qeyri-hökumət təşkilatları ilə yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, o cümlədən hələ ilin əvvəlindən planlaşdırılan və il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin əhəmiyyəti böyük olmuşdur. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Əməliyyat müşavirəsində bildirilmişdir ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, o cümlədən kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, 2019-cu ildə Mərkəzi Aparatın nəzdində olan Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı da xeyli işlər görülmüşdür. Obyektiv həqiqətlər - Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilmişdir. İl ərzində 2500-ə yaxın şəxs muzeyə ekskursiya edilmişdir. Ümumiyyətlə, yarandığı vaxtdan indiyədək Memorial Soyqırımı Muzeyini 21 mindən çox şəxs ziyarət etmişdir.

Əməliyyat müşavirəsində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuşdur. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. Xüsusi vurğulanmışdır ki, cinayət işlərinə məhkəmələr tərəfindən səyyar qaydada baxılması cinayətkarlığa qarşı mübarizə sahəsində böyük profilaktik və xəbərdaredici əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bu barədə vəsatətlərinə etinasız yanaşmışlar.

Hərbi prokuror korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edərək bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin intensivliyi və effektivliyi artırılmalıdır.

Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı cənab İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub. Bildirilmişdir ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Məruzə ətrafında çıxışlarda Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi ədliyyə polkovniki Natiq Həsənov, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi ədliyyə polkovniki Rövşən Əfəndiyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi ədliyyə polkovniki Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən, yol verilmiş nöqsanların aradan qaldırılması üçün görüləcək tədbirlərdən danışmışlar.

Əməliyyat müşavirəsinə yekun vuran Hərbi prokuror Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluq orqanları Prezident cənab  İlham Əliyevin prokurorluğa yüksək qayğı və etimadını layiqincə doğrultmaq, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasında üzərinə düşən vəzifələri layiqincə icra etməklə bu istiqamətdə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.