Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-10-29
Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar strategiyasının dərinləşməsi çərçivəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı qətiyyətli siyasi iradədən qaynaqlanan sistemli institusional tədbirlər həyata keçirilmiş, mütərəqqi anti-korrupsiya qanunvericiliyi formalaşdırılmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər beynəlxalq standartlar nəzərə alınmaqla və bu prosesdə qabaqcıl xarici ölkələrlə təcrübə mübadiləsi aparılmaqla həyata keçirilir.

Oktyabrın 28-də Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadilə məqsədilə ölkəmizə rəsmi səfərə gəlmişdir.

Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişdir.

Həmçinin qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra Baş Prokurorluqda görüş olmuşdur. Qonaqları qəbul edən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, kriminogen duruma səlahiyyətli dövlət təsisatları tərəfindən ciddi nəzarətin həyata keçirildiyi, qeydə alınan bütün cinayətlərə, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə qarşı kəsərli mübarizənin təmin olunduğu, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası istiqamətində qətiyyətli işlərin görüldüyü, MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin müsbət göstəricilər əldə etdiyi diqqətə çatdırılmışdır.

Görüşdə xüsusi vurğulanmışdır ki, Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırılmış, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" konvensiyalarına, Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən  qanunvericilik bazası formalaşdırılmış, o cümlədən "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə haqqında" qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi təmin olunmuşdur.

İnam ifadə olunmuşdur ki, Azərbaycan və Litva Respublikalarının korrupsiyaya qarşı mübarizə qurumları arasında Tvininq layihəsi ilə təməli qoyulan və 2011-cu ildə «Anlaşma memorandumu»nun imzalanması ilə keyfiyyətcə yeni müstəviyə qaldırılan ikitərəfli əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək və öz səmərəsini verəcəkdir.

Görüşdə çıxış edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. İki ölkənin korrupsiyaya qarşı mübarizə qurumları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda mühüm nailiyyətlər əldə etməsini qeyd edərək, xüsusi olaraq məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir. Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olmuşlar.

Səfər çərçivəsində qonaqlar həmçinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olmuş, Xidmət rəisi Əli Nağıyevlə keçirilmiş ikitərəfli görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Bundan sonra qonaqlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşlar. Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Hələ 2009-2011-ci illərdə Litvanın qeyd olunan qurumu ilə Baş İdarə arasında Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına  inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını bildirən K.Əliyev Avropa İttifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etməyin, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmağın ölkəmiz üçün çox önəmli olduğunu vurğulamış, bu tədbiri birgə məhsuldar fəaliyyət kimi qiymətləndirmişdir.

Çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində fəaliyyətə dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılmış, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşdur.

Qonaqlar o cümlədən, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən ASAN Xidmət modeli ilə tanış olmaq məqsədilə 5 saylı ASAN Xidmət mərkəzində, eləcə də şəhərimizin müasir memarlıq incisi olan Heydər Əliyev Mərkəzində olmuşlar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.