Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-09-02
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

Cari il avqustun 26-27-də Keniyanın Naivaşa şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Keniya Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) tərəfindən "Düşüncənin Liderliyi" adlı seminar keçirilmişdir.

Tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Yeni Zelandiya, Cənubi Afrika Respublikasının prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də BMT-nin nümayəndələri ilə yanaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev iştirak etmişdir.

Mühazirəçi qismində çıxış edən İ.Hacıyev Azərbaycanda korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini vurğulayaraq həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verən İ.Hacıyev, dövlət sektorunda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs etmiş, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə danışmışdır.

İ.Hacıyev çıxışında Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulayaraq bu istiqamətdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyalarının Assosiasiyanın İllik Konfranslarında ölkəmizdə keçirilməsi, bundan başqa Avropa İttifaqının Əkizləşmə Layihəsi (Twining Project) çərçivəsində Litvanın Xüsusi İstintaq Xidməti ilə Baş İdarə arasında potensialların artırılması ilə bağlı faydalı əməkdaşlıq, həmçinin Baş İdarə tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi və Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) və digər qurumlarla əməkdaşlığın korrupsiya qarşı mübarizə sahəsində qabaqcıl nailiyyətlərin öyrənilməsi, bunun cari fəaliyyətdə qarşıya çıxan çətinliklərin həllində və fəaliyyətin təkmilləşdirilməsində səmərəli tətbiqi təcrübəsindən danışmışdır.

Tədbirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.