Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-06-18
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılmışdır

Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu - Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş yüksək səviyyəli konfrans keçirilmişdir.

Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Fransa hökumətinin dəstəyi ilə təşkil olunmuş tədbirin açılışında Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mouri Paskye, Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans, Fransanın ədliyyə naziri Nikol Belube və yüksəkvəzifəli rəsmilər iştirak etmişlər.

Azərbaycanı tədbirdə Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Baş İdarənin böyük prokuroru Elnur Musayevin daxil olduğu nümayəndə heyəti təmsil etmişlər.

GRECO 20 illik fəaliyyəti ərzində üzv ölkələrə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsinə dəstək göstərmiş, habelə Avropa Şurasında daxili nəzarətin gücləndirilməsində aparıcı rol oynamışdır.

Tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycan ilə Avropa Şurası arasında mövcud işgüzar və qarşılıqlı faydalı münasibətlər çərçivəsində GRECO ilə əməkdaşlığa ölkəmizdə verilən xüsusi diqqəti vurğulamaqla, bu əməkdaşlığın müsbət nəticələri barədə danışmışdır. Konfrans iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 2019-cu il 3 aprel tarixli Prezident Fərmanından irəli gələn vəzifələr barədə məlumat verilib, bu islahatların insan hüquqları və qanunun qorunması, şəffaflığın və cavabdehliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd olunmuşdur.

Baş prokurorun müavini qeyd edib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ekspert qurumu tərəfindən verilmiş tövsiyələrin böyük qismini icra etmiş, dəyərləndirmənin üç raundu başa çatdırılmış və əldə olunmuş nəticələr uğurlu hesab olunmuşdur. Ölkəmizin, həmçinin GRECO-nun dəstəyi ilə təşkil olunan Korrupsiyanın qarşısının alınması üzrə Sibernik Şəbəkəsinin fəal üzvlərindən biri olduğu xatırladılmışdır. GRECO-nun fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti kimi Kamran Əliyev ölkəmizin dəstəyi ilə formalaşmış AntiKorrupsiya Prokurorları Şəbəkəsi (NACP) və digər beynəlxalq antikorrupsiya təşkilatları ilə GRECO arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.

Yüksək səviyyəli konfransda hazırkı mərhələdə dəyərləndirmə predmeti olan icra hakimiyyəti orqanlarında korrupsiyanın qarşısının alınması və dürüstlüyün bərqərar olunması, həmçinin GRECO-nun növbəti fəaliyyət planlarının qurulması mövzularına həsr olunmuş sessiyalar keçirilmiş və iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmışdır.