Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-12-11
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda anım mərasimi keçirilmişdir

Dekabrın 11-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

 Tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılmış Heydər Əliyev Guşəsində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 Azərbaycan Respublikası Baş prokurorunun müavini - Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına məharətlə sinə gərən, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə birlikdə olan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verilmişdir.

Qeyd edilmişdir ki, şərəfli və mənalı ömür yolunun 30 ildən artıq dövrünü ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən dahi lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanmışdır. Bildirilmişdir ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren ölkə kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılmışdır. Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü nəhəng işlər nəticəsində mümkün olmuşdur. Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş bünövrə üzərində qurulmuş və uğurla davam etdirilmişdir.

Hərbi prokuror X.Vəliyev xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya gələrək müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısını qətiyyətlə almışdır. Ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə böyük xilaskar Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqil dövlət kimi varlığını şərtləndirən amillərdən olmuşdur. Bu böyük qayıdışdan sonra respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmış, separatçı meyillərə son qoyulmuş, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər tədbirlər görülmüşdür.

Hərbi prokuror Ulu Öndər yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə xalqımızın tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurların təməlini təşkil etdiyini, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək peşəkarlıqla davam etdirən Prezident cənab İlham Əliyevə xalqın inamının əbədi və dönməz olduğunu bildirmişdir.

X.Vəliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını, Azərbaycanda reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin dövlət səviyyəsində prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gündəlik diqqət və qayğısı nəticəsində Azərbaycan Prokurorluğunun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətinin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi mümkün olmuşdur. Çıxışda digər hüquq-mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanmışdır.

Çıxışını Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən danışaraq davam etdirən Hərbi prokuror bildirmişdir ki, ordu quruculuğu sahəsində ulu öndər Heydər Əliyev tərəfindən başladılan və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi kompleks tədbirlərin nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilən, mənəvi-psixoloji cəhətdən yüksək əhval-ruhiyyəli, ciddi hərbi nizam-intizama və döyüş hazırlığına malik, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşmələrdən ibarətdir. Silahlı Qüvvələrimizin öz gücünü 2016-cı ilin Aprel və 2018-ci ilin May döyüşlərində, eləcə də ardıcıl keçirilmiş möhtəşəm hərbi paradlarda bir daha dünyaya nümayiş etdirdiyini vurğulayan hərbi prokuror bütün bunların Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsi olduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin və Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin, o cümlədən Şərur rayonunun Günnüt kəndinin işğaldan azad olunması, məcburi köçkünlərin doğma ata-baba yurdlarına qayıtmasına əlverişli şəraitin yaradılması “Böyük qayıdış”ın başlanğıcıdır.

Respublikamızın qazandığı hərtərəfli nailiyyətlərdən söhbət açan X.Vəliyev bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini vurğulayaraq, qeyd edib ki, Mehriban xanım Əliyevanın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətçiliyimizin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində yorulmaz və dəyərli ictimai-siyasi fəaliyyəti bu istiqamətlərdə müsbət nəticələrin əldə olunmasına layiqli töhfə verməklə yanaşı, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamışdır.

Çıxışının sonunda X.Vəliyev vurğulamışdır ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, o cümlədən dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən möhtəşəm islahatlarda yaxından iştirak etməklə müdrik siyasəti daim dəstəkləyəcək.

Tədbir böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatmışdır.