Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-07-30
Azərbaycanın prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər həyata keçirmişdir

 

İyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi vurğulamışdır ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək cənab İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində “Formula - 1 Avropa  Qran-Pri” yarışlarının və digər mötəbər tədbirlərin  keçirilməsi müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq etmişdir.

Bildirilmişdir ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilmiş, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir. Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri  təşkil etmişdir.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin etmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu  tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuş, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Belə ki, 2018-cı ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12.844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.

Profilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyllər hesabat dövründə daha da yaxşılaşaraq, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalmışdır.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil emişdir. O cümlədən, 2017-ci ilin 6 ayı ilə  müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam  öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz  artmışdır. Daxili işlər və prokurorluq orqanları tərəfindən birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılmışdır.

2018-ci ilin birinci yaımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Prokurorluğun digər hüququ mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi birgə əlaqəli işin nəticəsində qeydə alınmış 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunmuş, Sumqayıt şəhər, Tovuz və Göygöl rayon prokurorluqlarının hər biri üzrə 1 hadisə olmaqla 3 qəsdən adam öldürmə cinayəti bağlı qalmışdır. Həmin işlər üzrə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 21 şəxs barəsində 11 iş üzrə yüksək peşəkarlıqla istintaqın yekunlaşdırılaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanmışdır.

Bildirilmişdir ki, cari il iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd etmişdir.

Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin  bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərmişdir.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmiş, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən zərərsizləşdirilərək məhv edilmiş, 13 nəfər barəsində isə həbsli axtarış elan olunmuşdur. Əməliyyat tədbirləri zamanı zərərsizləşdirilən şəxslərin üzərindən, eləcə də həbs edilən şəxslərin yaşadıqları ünvanlardan müxtəlif markalı avtomat, tapança, onlara aid sursat, qumbara və soyuq silahlar aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Bildirilmişdir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2018-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Bildirilmişdir ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“ əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunmuşdur. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi  məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Belə ki, mərkəzə hesabat dövründə 1970 müraciət daxil olmuş, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.  Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilmişdir.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Hesabat dövründə özünü öldürmə və özünü öldürməyə cəhd faktlarına görə başlanılmış cinayət işlərinin ibtidai araşdırmasına prosessual rəhbərliyin və istintaqına nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər sayəsində bir neçə iş üzrə cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunmuşdur.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 4-ü vəzifədən azad edilmişdir.

Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Xüsusi vurğulanmışdır ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Abşeron, Ağstafa, Astara, Tərtər, Hacıqabul, Qobustan və Zaqatala rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə 2018-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyinə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı prokuyrorluq orqanları tərəfindən görülmüş işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər vermişdir. Eyni zamanda, prokurorluq orqanlarında xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.