Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-07-25
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilmişdir

İyulun 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını zamanın tələblərinə uyğun olaraq ən yüksək formada həyata keçirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında da dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırmışdır.

Hərbi prokuror bildirmişdir ki, 2018-ci ilin birinci yarısı bir sıra ölkə miqyaslı mühüm hadisələrlə yadda qalmışdır. Həmin hadisələrdən ən başlıcası aprelin 11-də demokratik, şəffaf və ədalətli şəkildə keçirilən növbədənkənar prezident seçkilərində Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin inam və etimadını qazanaraq 86 faiz səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi olmuşdur.

Hesabat dövründə baş verən mühüm hadisələrdən biri də xalqımızın və dövlətçiliyimizin taleyində misilsiz rolu olan, müasir müstəqil Azərbaycanın qurucusu və memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilərək silsilə tədbirlərin keçirilməsi və əbədiyaşar liderimizin xatirəsinin dərin ehtiramla anılması olmuşdur.

Diqqətə çatdırılmışdır ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq cari ilin birinci yarısında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi geniş qeyd olunmuşdur. Prezident cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” sözləri xalqımızın qədim və zəngin dövlətçilik tarixinə dövlətimizin başçısı tərəfindən böyük ehtiramın göstəricisi olmuşdur.

Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, ölkəmizin həyatında yüksək fəallıq göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət ölçüyəgəlməz olmuşdur. Mehriban Əliyeva Azərbaycanın “ağıllı gücü”nü təmsil edən şəxsiyyətlərdən olmuşdur. Hazırda dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün “ağıllı güc” amili aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət və incəsənətə himayədarlıq edərək xalqımızın mədəni irsinin dünyada tanınmasında müstəsna xidmətlər göstərmiş, humanist, xeyriyyəçi və şəfqətcil Azərbaycan xanımının müasir ideal modelini yaratmışdır.

Bildirilmişdir ki, həyata keçirilmiş dərin iqtisadi islahatlar nəticəsində 2018-ci ilin birinci yarımilliyində də yerli investorlarla yanaşı, xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 6 milyard dollar sərmayə qoyulub, ixrac olunan məhsulların həcmi 34 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb, 67 min yeni iş yeri açılmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2018-ci ilin birinci yarısında iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır. Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin və TANAP-ın rəsmi açılışının olması, TAP-ın icrası istiqamətində önəmli addımların atılması hesabat dövründə dövlətimizin əldə etdiyi mühüm siyasi və iqtisadi uğurlardan olmuşdur.

Bu uğurları, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetirmişlər.

Lakin Prezident cənab İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilmiş, onlardan bir qismi həbs edilmiş, axtarışa verilmiş, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilindəki, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri adi cinayətlər deyil. Bunlar ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq- mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınmışdır.

Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq- mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınmışdır.

Xanlar Vəliyev bildirmişdir ki, 2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirmişdir. İyirmi altı kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınmış, ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilmişdir. Bu, 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına verdiyi qətiyyətli cavabı və növbəti əzmli qələbəsi olmuşdur.

Günnüt əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi gələcək qələbələrimizin müjdəçisi olan bu hadisə təcavüzkar Ermənistanda böyük rezonans doğurmaqla ölkə əhalisinin torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına ümidlərini artırmış, dövlət və ordu quruculuğu sahəsində cənab Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin nə dərəcədə səmərəli və məqsədəmüvafiq olduğunu bir daha sübut etmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuşdur. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılmışdır.

Hərbi prokuror demişdir ki, 2017-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb. Azalma fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil etmişdir.

Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Diqqətə çatdırılmışdır ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Daxili Qoşunların hərbi hissələri üzrə 40 faiz, Ədliyyə Nazirliyinin hərbi hissələri üzrə 33,3 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə 11,1 faiz, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə isə 7,7 faiz azalmışdır.

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, 2018-ci ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülmüşdür. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilmişdir.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edilmişdir. Bildirilmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 50 faiz təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 6 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror qeyd etmişdir ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Cari ilin birinci yarımilində hərbi prokurorluq orqanlarında vətəndaşların 1036 müraciətinə baxılmış, 568 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 1615 vətəndaşın fərdi qəbulu aparılmışdır. Bilavasitə hərbi hissə və birləşmələrdə 1166 nəfər qəbul edilmiş və onların müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, onlara əməl olunması hər bir əməkdaşdan ciddi tələb edilmişdir.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 7-də Respublika Hərbi Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad olunub, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışılmışdır. Milli Məclisin deputatlarının iştirak etdikləri tədbir Azərbaycan Televiziyası, və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

Bundan əlavə, bu il Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində bayram tədbirlərinin keçirilməsinə, eləcə də hərbi qulluqçularla görüşlərə dair birgə tədbirlər planları hazırlanaraq təsdiq edilmişdir. Müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə keçirilən tədbirlərin mədəni-kütləvi hissəsi yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirlər Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələri ilə yanaşı, Müdafiə Nazirliyi üzrə 15 hərbi hissədə keçirilərək cəbhəboyu yerləşən bütün hərbi hissələri əhatə etmişdir. Həmin tədbirlərdə, həmçinin xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətini stimullaşdırmaq məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 115 hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilmişdir. Keçirilmiş görüşlər kütləvi informasiya vasitələri və müxtəlif internet saytları vasitəsilə ətraflı işıqlandırılmışdır.

Bildirilmişdir ki, 2018-ci ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanlığının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilərək səmərəli şəkildə icra olunmuşdur. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilmişdir.

Bu ilin birinci yarısında Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülmüşdür. Cəmiyyətdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, azərbaycanlıların kütləvi qırğınları barədə gənclərin məlumatlandırılması və düşmən tərəfindən törədilmiş cinayətlər haqqında obyektiv həqiqətlərin ictimaiyyətə çatdırılması üçün müxtəlif dövlət strukturları və ictimai təşkilatlara məktublar göndərilmişdir. Muzeyi ziyarət edən 3957 nəfər üçün ekskursiyalar təşkil olunmuşdur.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Məclisinin deputatları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndələri və Xocalı sakinləri iştirak etmişlər.

Həmçinin martın 31-də Memorial Soyqırımı Muzeyində Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş geniş elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsi üçün Xüsusi İstintaq Şöbəsi ilə birgə zəruri təşkilatı tədbirlər görülmüşdür. Tədbirdə Milli Məclisinin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Hər iki konfrans da Azərbaycan Televiziyası,  və digər mətbu orqanlarında geniş işıqlandırılmışdır.

Xanlar Vəliyev bildirmişdir ki, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 8 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən, məharət dərəcələri verilmiş, 11 hərbi prokurorluq işçisinə əvvəllər verilmiş məharət dərəcələri artırılmış, 1 nəfərin məharət dərəcəsi ləğv edilmiş, 1 nəfərin məharət dərəcəsi bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 10 işçi vəzifədə irəli çəkilmişdir. Xidməti fəaliyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilmiş, 11 işçi müxtəlif medallarla təltif olmuş, 34 əməkdaşa rütbələr verilmişdir.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmuşdur. Vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Müşavirədə respublika hərbi prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə polkovniki Toğrul Hüseynov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışmışlar. Çıxış edənlər nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirəyə yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.