Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-11-06
BMT çərçivəsində Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti yüksək qiymətləndirilmişdir

Noyabrın 2-dən 6-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin
 Konfransının “Korrupsiyanın prevensiyası və əmlakin bərpası” mövzusunda 6-cı sessiyası keçirilmişdir.

BMT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, antikorrupsiya qurumlarının, habelə bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarsi Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həmçinin Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları və ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulunın daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.

Konfransın açılışında Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov çıxış edərək Rusiya Prezidenti Vladimir Putinin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra BMT-nin Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarliq Ofisinin rəhbəri Yuri Fedotov çıxış edərək konfransın qarşısında duran vəzifələr barədə bildirmişdir.

Rusiya Federasiyasının Ədliyyə naziri Aleksandr Konavalovun sədrliyi ilə keçirilən plenar iclasda K.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, korrupsiyanin prevensiyası sahəsində ən uğurlu tədbirlərdən biri kimi “Asan xidmət” konsepsiyası barədə ətraflı məlumat verməklə son dövrlər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da sağlamlaşdırılması məqsədi ilə görülmüş komleks və ardıcıl tədbirləri xüsusi vurğulamışdır.  O, çıxışında Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısı olduğunu diqqətə çatdıraraq tədbir iştirakçılarını Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun hazırda Assambleyasına sədrlik etdiyi Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) fəaliyyətində yaxından iştirak etməyə dəvət etmişdir.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Korrupsiyaya qarşı mübarizə  sahəsində Azərbaycanın müsbət təcrübələri” adlı tədbir keçirilmişdir. Nümayəndə heyətinin rəhbəri tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatları, ixtisaslaşmış antikorrupsiya qurumu - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, xüsusən də qaynar-xətt əlaqə mərkəzinin fəaliyyəti barədə təqdimat  keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr söbəsinin müdir müavini Elçin Hüseynli korrupsiyanın qarşının alınması sahəsində ölkəmizdə həyata keçirilən və artıq Azərbaycan brendi statusu qazanmış “Asan xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. “Asan xidmət” mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videomaterial tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Yaponiya, Qazaxıstan, Kamboca və digər ölkələrin nümayəndələri çıxış edərək  korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “Asan xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirmişlər.

Plenar sessiya çərçivəsində Azərbaycan Respublikasının müəllifi olduğu “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə səsverməyə çıxarılmış və Ermənistan nümayəndə heyətinin davamlı etirazlarına baxmayaraq qətnamə qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ən ali siyasi forum hesab edilən konfrans çərçivəsində Azərbaycanın müəllifliyi ilə belə bir qətnamənin qəbul edilməsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Həmin qətnamə Azərbaycanın “Asan xidmət” təcrübəsinin beynəlxalq müstəvidə təşviq edilməsində və bu təcrübənin Azərbaycan brendi kimi digər ölkələrlə mübadilə edilməsi istiqamətində müstəsna rolu olacaqdir. Belə ki, qətnamə BMT Katibliyinə sözügedən təcrübə mübadiləsinin aparılması üçün institusional çərçivə yaratmaq tapşırığı verir və üzv dövlətləri öz müsbət təcrübələrini bölüşməyə cağırır. Qətnamə həmçinin bu yaxınlarda “Asan xidmət”in təltif edildiyi BMT-nin ictimai xidmətlər üzrə mükafatını müvafiq sahə üzrə ən yüksək və prestijli mükafat olaraq bir daha təsdiq etmişdir.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Türkiyə, Belarus, Malayziya və digər ölkələrin nümayəndə heyətləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək səmərəli fikir mübadiləsi aparmışdır.

Tədbir zamanı konfrans iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri özündə əks etdirən jurnal, buklet və broşurlar paylanmışdır.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını ratifikasiya etmiş ölkələrin 6-cı illik konfransı zamanı korrupsiyaya qarşı mübarizənin ən mühüm və aktual aspektləri üzrə, o cümlədən korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, dövlət qurumları və özəl sahələr arasında səmərəli, işgüzar, şəffaf münasibətlərin qurulması, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılması və geri qaytarılması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilmiş və gələcəkdə BMT-nin Narkotiklər və Cinayətkarliq üzrə Ofisinin rolunun daha da artırılmasının vacibliyi vurğulanmışdır.