Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-07-21
Ölümlə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü həbs edilmişdir

İyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

 İstintaqla müəyyən edilmişdir ki, iyulun 12-də saat 08 radələrində Əliyev Rövşən İsa oğlu “Mersedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurmuşdur. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölmüş, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

 R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.