Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-06-20
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə cari ilin 17-18 iyun tarixlərində İran İslam Respublikasının Tehran şəhərində səfərdə olmuşdur. 

Səfər çərçivəsində Kamran Əliyevlə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Serac arasında keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də, bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə qarşı tərəfə ətraflı məlumatlar verilmiş, habelə “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyətindən danışılmışdır.

Naser Serac öz növbəsində 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu sahədə təmsil etdiyi qurumun Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmasına maraqlı olduğunu diqqətə çatdırmışdır.

Tədbir Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumunun imzalanması ilə başa çatmış, daha sonra hər iki tərəf mətbuat nümayəndələrinin suallarını cavablandırmışdır.

İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərargahında qurumun baş katibi cənab Halil İbrahim Akca arasında keçirilmiş görüşdə ECO baş katibi ölkəmizin təşkilata verdiyi töhvələri xüsusi vurğulayaraq Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə  görə bir daha Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürünü bildirmiş, o cümlədən ölkəmizin ECO-nun Korrupsiya Agentlikləri və Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCACO) qoşulmaq qərarından məmnunluğunu ifadə etmişdir.

 Həmin gün nümayəndə heyəti ilə İran İslam Resublikasının Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitorinq Xidmətinin rəisi Nasiri Əliabad və İqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunmuş, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, görüşlər zamanı bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilmişdir.   

Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin İranın regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə həmçinin, ölkəmizin İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak etmişdir.