Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-05-25
Baş Prokurorluqda çirkli pulların yuyulmasına qarşı mübarizə mövzusunda simpozium keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qətiyyətli dövlət siyasəti çərçivəsində icra edilən institusional və qanunvericilik islahatlarına uyğun olaraq bu sahədə qurulmuş beynəlxalq əlaqələrin verdiyi töhfələrdən biri kimi Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla səmərəli qarşılıqlı əməkdaşlığını uğurla davam etdirir.

Mayın 24-dən 25-dək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Avropa İttifaqı və Avropa Şurası ilə birgə keçirilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi” layihəsi çərçivəsində “Çirkli pulların yuyulması hallarına dair istintaq üsulları” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatasının nümayəndələrinin  qatıldığı iki günlük tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək, korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd etmiş, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, təlim kursunun iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə etmişdir.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes hazırkı layihənin təmsil etdiyi beynəlxalq qurum tərəfindən Azərbaycanda çirkli pulların yuyulmasına qarşı aparılan mübarizəyə göstərilən dəstəyin ifadəsi olduğunu qeyd edərək, belə maarifləndirmə layihələrinin Azərbaycan və Avropa Şurasının gələcək əməkdaşlığı üçün də prioritet olacağına ümidvar olduğunu bildirmişdir.

Təlim çərçivəsində Avropa Şurasının ekspertləri Yehuda Şaffer və Pol Martin tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq standartlar, cinayət fəaliyyətində əldə edilən gəlirlərin leqallaşdırılmasının aşkar olunması, götürülməsi və müsadirə edilməsi və bu növ cinayətlərin təqibinin aparılması metodları mövzularına dair təqdimatlar keçirilmişdir.

Tədbirdə mövzu ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilmişdir.