Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-05-24
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi BMT-də məruzə ilə çıxış edib

BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının qəbul edilməsinin 15 illiyi ilə bağlı BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri keçirilib.

BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Tədbirin yüksək səviyyəli seqmentində çıxış edən K.Əliyev korrupsiyanın istənilən cəmiyyətdə demokratiyaya və qanunun aliliyinə təhlükə təşkil etdiyini, onun iqtisadi inkişafını ləngitdiyini bildirib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, Azərbaycanın BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası başda olmaqla, beynəlxalq və regional sənədlərə qoşulduğunu, qısa müddət ərzində ölkəmizdə beynəlxalq standartlara uyğun müasir qanunvericilik sisteminin yaradıldığını, bu vaxta qədər korrupsiyaya qarşı dörd milli fəaliyyət planının icra edildiyini bildirib. Baş prokurorun müavini korrupsiyanın qarşısının alınması sahəsində milli siyasəti müəyyənləşdirən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının və konvensiyanın müddəalarına uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumunun - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təsis olunması və onların uğurlu fəaliyyəti barədə məlumat verib.

K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət xidmətlərinin şəffaflığına xüsusi əhəmiyyət verildiyini və bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi hesab edilən “ASAN xidmət”in 2015-ci ildə BMT-nin ictimai xidmətlər üzrə mükafatına layiq görüldüyünü bildirib.

Korrupsiyaya qarşı mübarizənin digər istiqaməti kimi ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlara toxunan baş prokurorun müavini bu islahatların Avropa Şurasının Ədliyyənin Səmərəliliyi üzrə Komissiyası tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.

Çıxışda, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa da mühüm önəm verildiyi bildirilib və Azərbaycanın konvensiyanın icrasının icmalı mexanizmində, eləcə də korrupsiyaya qarşı mübarizə aparan prokurorların şəbəkəsinin işində fəal iştirak etdiyi qeyd olunub.

Tədbir çərçivəsində bir sıra ölkələrin antikorrupsiya qurumlarının rəhbərləri və BMT-nin Cinayətkarlığa və Narkotiklərə qarşı Mübarizə Ofisinin rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak edib