Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-05-21
Azərbaycan Prokurorluq orqanlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

Mayın 21-də “Boulevard Hotel”də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.

 

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 1918-ci il  mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verərək, ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyi qeyd olunmaqla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilmişdir.

Baş prokuror ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun etibarlı davamçısı Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat vermişdir. 

Xüsusi vurğulanmışdır ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilmiş, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunmuşdur.

Baş prokuror xüsusi vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətiçilik tarixinin şanlı səhifələrindən olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarının önəmini vurğulayan akademik tariximizin, o cümlədən Cümhuriyyət dövrünün dərindən tədqiq edilməsində AMEA-nın Tarix İnstitutunun Azərbaycan Prokurorluğu orqanları ilə səmərəli əməkdaşlığını xüsusi vurğulamışdır .

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Y.Mahmudov bildirmişdir ki, 1918-1920-ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın müstəqilliyini elan etmiş və 23 aylıq qısa müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanın sonrakı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırmışlar.

Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət dövrünün dərindən araşdırılmasını daim diqqət mərkəzində saxladığını vurğulayan akademik diqqətə çatdırmışdır ki, bu istiqamətdə elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə tərcümə edilir. Tarix İnstitutunun direktoru ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulamışdır. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən də Cümhuriyyət dövrünün tədqiqinə daim xüsusi diqqət yetirməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirmişdir.

Çıxışından sonra akademik Y.Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı Baş prokurora təqdim etmişdir.

 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli sürurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını vurğulamışdır. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırmışdır ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Professor həmin dövrdə ziyalılarımızın azadlıq ideyalarına, demokratik dəyərlərə sadiqliyinin Azərbaycanın həmin dövrdə siyasi elitasının yüksək zəkasının və vətənpərvərliyinin göstəricisi olduğunu bildirmişdir. Cümhuriyyətin ağır ictimai siyasi şəraitdə elan edilməsinə baxmayaraq, mühüm uğurlar əldə etdiyini diqqətə çatdıran M.Qasımlı bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulamışdır.

Professor Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirmişdir. Qeyd etmişdir ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılmışdır.

 

Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı hüquqi zəmin yaratmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixinin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başladığını qeyd edən Baş prokurorun müavini, prokurorluq orqanlarının Azərbaycan Xalq Cumhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri daxilində böyük işlər gördüyünü diqqətə çatdırmışdır.

 

Konfransa yekun vuran Baş prokuror Zakir Qaralov bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100  illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır.

Əminlik ifadə olunmuşdur ki, Azərbaycan Respublikası Prokurorluq orqanları öz fəaliyyətini Prezident cənab İlham Əliyevin müəyyən etdiyi tələblər səviyyəsində qurmaqla, müstəqilliyimizin və suverenliyimizin dönməzliyinin və sarsılmazlığının təmin olunması, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması istiqamətində davam etdirəcəkdir.

Tədbir çərçivəsində Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən nəfis şəkildə hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim edilmişdir.

Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı Əbədi ezamiyyət sənədli filmi nümayiş etdirilmişdir.