Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-05-08
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi gömrük işinin səmərəli təşkili yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər milli iqtisadiyyatın stimullaşdırılması, ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin toplanması və dövlət büdcəsinə köçürülməsi, valyuta nəzarətinin və iqtisadi təhlükəsizliyin təmin olunması, daxili bazarın qorunması, gömrük işi sahəsində cinayətlər və digər hüquqpozmalar ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılıb.

Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli, 6 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqinin məqsədəuyğun hesab edilməsi digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli şərait yaratmaqla ödənişlərin dövlət büdcəsinə köçürülməsinin, habelə insan hüquq və azadlıqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib.

Gömrük orqanlarının milli iqtisadiyyatın formalaşması və büdcənin təşkilində vacib qurum olmaqla vətəndaşlarla daim açıq təmasda olmasının zəruriliyini nəzərə alaraq, bu qurumun şəffaf olması, bu sahədə hesabatlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və digər hüquqpozmaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.

Məhz bu məsələlərin əhəmiyyətindən irəli gələrək mayın 8-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev imzalayıblar.

İmzalanma mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə gömrük işinin təşkili istiqamətində atılan addımlardan biri kimi münbit sahibkarlıq mühitinin yaradılmasına, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən müvafiq ticarət əməliyyatlarını sürətli, şəffaf və asan şəkildə həyata keçirilməsinə xidmət edən gömrük sisteminin qurulmasının səmərəliliyinin daha da artırılmasının vacib olduğunu bildirib. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən Səfər Mehdiyev Komitə tərəfindən gömrük işinin bütün sahələrinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə olacağını vurğulayıb, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini diqqətə çatdırıb.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Baş prokurorun müavini hazırkı sənədin imzalanmasının istər tərəflər arasında korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, kölgə iqtisadiyyatının yaranmasına səbəb olan qaçaqmalçılıq cinayətinin törədilməsinin, eyni zamanda, gömrük əməkdaşları tərəfindən törədilmiş hüquqpozmaların qarşısının alınması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, bu sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyinə əminliyini söyləyib.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.