Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-05-02
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunmasına və qida təhlükəsizliyinin təmin edilməsi  yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər əldə olunmuş, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılmışdır.

Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla əhalinin sağlamlığının qorunması ilə bağlı insan və vətəndaş hüquqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirmişdir.

Agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində Baş prokuror Zakir Qaralovla Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında cari ilin mart ayında keçirilmiş görüşdə iki qurum arasında qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı korrupsiya hüquqpozmalarının müəyyən edilməsinə dair əməkdaşlığın təkmilləşdirilməsi və tədbirlərin genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılmış, bununla bağlı mövcud olan milli fəaliyyət planlarının birgə icra edilməsi imkanları nəzərdən keçirilmiş, o cümlədən Agentliklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma memorandumunun imzalanmasına dair ilkin razılıq əldə olunmuşdur.

Mayın 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini -  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatlarının maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, hazırki sənədin imzalanmasının istər tərəflər arasında korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirmiş, bu yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə etmişdir. Həmçinin, əhalinin sağlamlığının mühafizəsi və keyfiyyətli ərzaq təlabatının ödənilməsi baxımından mühüm strateji sahə olan qida sektorunda şəffaflığın təmin edilməsi üçün mövcud olan geniş hüquqi və institusional vasitələrin səmərəli tətbiqi imkanlarından danışan K.Əliyev bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd etmişdir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edərək ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırılmasının sevindirici hal olduğunu qeyd etmişdir. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən Q.Təhməzli agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə olacağını vurğulamış, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirmişdir.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.