Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-03-30
Baş prokuror Ağcabədi şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov martın 30-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili, habelə aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilmişdir.