Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-03-09
Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Baş prokurorun müavini Namiq Əsgərov və hər iki dövlət qurumunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Rüştü Ciritin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün 5-6 mart tarixlərində Türkiyə Respublikasında səfərdə olmuşdur.

Martın 5-də nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və Baş prokuror Mehmet Akarca ilə görüşmüşdür. İsmayıl Rüştü Cirit və Mehmet Akarca bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirmişlər.

Görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi bildirilməklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığı, xalqlarımızın rifahına xidmət etdiyi vurğulanmışdır.

Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə keçirilmiş görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasındakı səmərəli işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunmuşdur. Görüşdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində aparılan mütərəqqi tədbirlər barədə məlumat verilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Ölkəmizin nümayəndə heyəti martın 6-da Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə Türkiyənin dövlət və hökumət rəsmiləri, ölkə ictimaiyyətinin nümayəndələri, həmçinin 17 ölkədən olan qonaqların qatıldığı mərasimdə iştirak etmişdir.

Mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım çıxış edərək məhkəmə və hüquq mühafizə orqanları əməkdaşlarının yubiley münasibətilə təbrik etmiş, Ali Məhkəmənin yaradılmasını Türkiyənin dövlətçilik tarixində mühüm hadisə kimi dəyərləndirmişlər.

Daha sonra Türkiyə Ali Məhkəməsinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak etmişdir.