Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-02-23
Yol nəqliyyat hadisəsi yerindən qaçan sürücü həbs edilmişdir

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Belə ki, fevralın 19-da saat 23 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar  Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçmışdır.  Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış R.Haqverdiyev və R.İsayev Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, sonuncu  aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi  başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış tədbirlər nəticəsində T.Əliyev tutularaq istintaqa cəlb edilmişdir.

T.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.