Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-08-25
Yol nəqliyyat hadisəsi törətmiş şəxs həbs edilmişdir

Avqustun 21-də saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Elmar İbadov idarə etdiyi “Range Rover” markalı 10-AC-100 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən avtomobilin sol yan güzgü hissəsi ilə yolu keçən piyada, 1962-ci il təvəllüdlü Ayna Həsənovanı vurmuşdur. Sonuncu  xəsarət aldığından sürücü idarə etdiyi avtomobillə onu dərhal xəstəxanaya çatdırmışıdr.

Sürücü E.İbadovun iştirakı ilə hadisə yerinə baxış keçirilməklə hadisə yerinin sxemi tərtib olunmuş və fotoşəkillər çəkilmişdir.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilmişdir.

Avqustun 22-də A.Həsənova aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyindən cinayət əməli Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilmişdir.

E.İbadov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.