Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-08-25
Yol nəqliyyat hadisəsi törətmiş şəxs həbs edilmişdir

Avqustun 20-də saat 11 radələrində Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Nəriman Nərimanlının idarə etdiyi “VAZ-21154” markalı 90-NN-695 dövlət qeydiyyat nişanlı avtomobillə Malik Əliyevin idarə etdiyi “VAZ-21061” markalı 32-BC-306 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra “VAZ-21154” markalı avtomobil yolun kənarında dayanmış piyadalar Sərvər Məmmədov, Aygün Səmədova və Ağapəri Məmmədovanı vurmuşdur.

Yol nəqliyyat hadisəsi nəticəsində A.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, digər piyadalar isə müxtəlif dərəcəli xəsarətlərlə Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilmişlər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisə yerinə baxış keçirilməklə sxem tərtib olunmuş, fotoşəkillər çəkilmiş, məhkəmə tibbi, kompleks məhkəmə-trassoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, hadisənin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əldə olunaraq cinayət işinə əlavə olunmuş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

N.Nərimanlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.