Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-07-20
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

İyulun 19-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.

Hadisə baş verdikdən dərhal sonra yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə, avtomobillərə, meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş avtomobillərin sürücüləri dindirilmiş, sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinədən keçirilmiş, hadisə yerində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin kameralarının görüntüləri götürülmüş və digər istintaq hərəkətləri icra olunmuşdur.

Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, 19 iyul 2017-ci il tarixdə, saat 00:50-də Həsən Həsənovun idarə etdiyi «Mercedes-Benz 208D» markalı mikroavtobus Sabunçu qəsəbəsi ərazisində Heydər Əliyev prospekti ilə Beynəlxalq Hava Limanı istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada - Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi «Porsche Cayenne» markalı avtomobilin hərəkət yoluna atmış və avtomobil piyadanın üzərindən keçmişdir. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməmişlər.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, mikroavtobusun sürücüsü Həsən Həsənov fərdi qaydada sərnişin daşınması fəaliyyəti ilə məşğul olmuş, sürücülük hüququ olmuş, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır.

Bundan başqa, müəyyən edilmişdir ki, «Porsche Cayenne» markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışmış, atası - Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nigahları 1994-cü ildə rəsmi qaydada pozulmuş, Əhəd Kərimov isə həmin vaxtdan Bakı şəhərində dayısının himayəsində yaşamışdır. Ə.Kərimovun sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamış, idarə etdiyi «Porsche Cayenne» markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakı şəhərində almışdır.

Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə istintaqın davam etdirilməsi Baş prokurorun 20 iyul 2017-ci il tarixli qərarı ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilmiş və cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülmüşdür.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir, təqsiri olan hər bir şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin olunacaqdır.