Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-07-18
Bakı şəhər prokurorluğunun M Ə L U M A T I

İyulun 18-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə  2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə geniş məruzə ilə çıxış edən  Bakı şəhər prokuroru İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilmişdir.

Qeyd olunmuşdur ki, 2017-ci ilin I yarımilində 6644 cinayət hadisəsi qeydə alınmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların açılma faizi 0,3% artaraq 79,9 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 38 hadisə və ya 3,4% azalaraq 1070 olmuşdur.

Hesabat dövründə qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adam öldürməyə cəhd cinayətinin (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılması təmin edilmişdir.

2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə cinayətlərinin sayı sabit qalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə azalmışdır ki, bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir.

Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş vermiş, onlardan 7-si bağlı qalmışdır.

Ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən bağlı qalanı olmamışdır.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 551 işdən 276-sı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 5490 cinayət işindən 2369-nun istintaqı tamamlanmışdır.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 1 milyon 275 min manat maddi ziyandan 13.6%-i yəni, 168 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 761 min manat maddi ziyandan 55%-i yəni, 7 milyon 562 min manatı istintaq zamanı ödətdirilmişdir.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanmışdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilmişdir.

Xüsusi qeyd olunmuşdur ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılmış, həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilmiş, o cümlədən 828 müraciət təmin edilmişdir. Həmin dövr ərzində 3868 vətəndaş qəbul edilmiş, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı şəhər prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul olunmuşdur.

Əməliyyat müşavirəsində bildirilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.

2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunmuşdur.

Tələb edilmişdir ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakı şəhərində ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.