Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-06
Azərbaycanın və Türkiyənin Baş prokurorluqları arasında hüquqi əməkdaşlıq uğurla davam etdirilir

Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanların 3-cü iclası çərçivəsində  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Baş prokurorunun müavini Halil Adıgözəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan Baş prokuror iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulamışdır.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Halil Adıgözəl dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd etmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.