Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-06
Azərbaycanla Pakistan arasında korrupsiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının Bakı şəhərində keçirilən 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Pakistan İslam Respublikasının Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Baş prokuror qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbirin uğurlu açılışı və Azərbaycanın iclasa sədrliyi münasibətilə öz təbriklərini bildirən qonaq Pakistanla Azərbaycanın bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın haqq səsinin bütün beynəlxalq tədbirlərdə daim Pakistan tərəfindən dəstəkləndiyini qeyd etmişdir.

Görüşdə iki ölkənin hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.