Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-02-16
İnsan hüquqlarının qurunması sahəsində ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir
Fevralın 16-da Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
 
CPT ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən Baş prokurorun birinci müavini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, aparılan islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahədə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə böyük önəm verildiyini qeyd etmişdir.
 
İnsan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının daim təkmilləşdirildiyini, bu sahədə ölkəmizin beynəlxalq Konvensiyalara qoşulduğunu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran R.Usubov, Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-i il tarixli  Sərəncamının əhəmiyyətini xüsusi vurğulamış, bu mühüm sənədin sistemli şəkildə həyata keçirilən hüquqi islahatların növbəti mərhələsinin əsasını qoyduğunu bildirmişdir.
 
Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarını maraqla qarşıladığını ifadə edən M.Qnatovski rəhbəri olduğu qurumun Azərbaycanla bağlı hesabatında müsbət irəliləyişləri, ölkəmizin CPT ilə əməkdaşlığını təqdir etmiş və Avropa məkanında insan hüquqlarının mövcud problemlərinə toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.
 
Görüşdə əməkdaşlığın perspektivləri, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.