Sayt üzrə axtarış













Əsas səhifə / XƏBƏRLƏR

2017-02-17
Baş prokuror Göyçay şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov fevralın 17-də Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror və Göyçay rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 18 vətəndaş qəbul edilmiş, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə Prezident cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından irəli gələn tövsiyə və tapşırıqların vaxtında və dürüst icrası ilə bağlı konkret göstərişlər vermişdir.

Eyni zamanda dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılmışdır.

Müşavirədə həmçinin, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.