Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-01-27
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilmişdir

Yanvarın 27-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2016-cı ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ötən il dünyada kəskinləşən iqtisadi böhran əksər ölkələrdə çətinliklər yaratmasına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, ölkəmizin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən mühüm qərarların qəbul olunması, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qaldığı qeyd olmuşdur.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulamışdır ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuşdur. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılmışdır.

Hərbi prokuror demişdir ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalmışdır. 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalmışdır. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. Bununla yanaşı, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınmışdır.

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarı Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra edilmiş, 72 hərbi qulluqçuya Amnistiya aktı tətbiq olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, 2016-cı ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmişdir. Ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirilmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülmüşdür. Bu xarakterli faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilmişdir.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edilmişdir. Bildirilmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Xüsusi vurğulanmışdır ki, 2016-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 1 milyon 102 min 641 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilmişdir.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq istintaqa cəlb edilmişdir. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilmiş, nəticədə 2234 qanun pozuntusu aşkar edilmişdir. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilmiş, 239 nəfərə xəbərdarlıq edilmiş, 41 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunmuşdur.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb etmişdir.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 210 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror qeyd etmişdir ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1953 müraciətinə baxılmış, 1091 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 2817 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 2288 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilmişdir.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Hərbi prokuror qeyd etmişdir ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını vaxtında təmin etmişlər. Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

Vurğulanmışdır ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüş, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr etmiş, onlarla söhbətlər aparmış, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr vermişlər.

Ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 26 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilmiş, Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 33 işçi vəzifədə irəli çəkilmişlər. Xidməti fəaliyyətlərində fərqlənmiş 72 əməkdaş həvəsləndirilmiş, 34 işçi müxtəlif medallarla təltif olmuş, 78 əməkdaşa rütbələr verilmişdir.

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmuşdur. Vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 9 əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Kollegiyada Tərtər hərbi prokuroru Fuad Məmmədov, Qazax hərbi prokuroru Şahin Zamanov, Füzuli hərbi prokuroru Natiq Həsənov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.