Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-12-29
Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Azərbaycan Respublikasının Baş Prokurorluğunda olmuşdur

Dekabrın 29-da Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları, eyni zamanda ombudsman təsisatı ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan Baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səmimi qəbula görə minnətdarlığını bildirərək həmkarının insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulamış, eyni zamanda həmin təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulamışdır.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin iştirak etmişdir.