Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-12-19
Moldovanın Milli Antikorrupsiya Mərkəzinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan və Moldova Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin öyrənilməsi, səmərəli və müasir xidmət modeli olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq  məqsədi ilə Moldova Respublikasının Milli Antikorrupsiya Mərkəzinin rəis müavini Vadim Kojokarunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. 

Dekabrın 19-da nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan  korrupsiya cinayətlərinə qarşı kəsərli mübarizə tədbirlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısına mühüm vəzifələr qoyulmuşdur. Bu sosial bəlaya qarşı mübarizə sahəsində görülmüş institusional tədbirlər çərçivəsində vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin geniş tətbiq olunduğu, eyni zamanda Avropa İttifaqı, Avropa Parlamenti, eləcə də digər beynəlxalq təşkilatlara üzv olan ölkələr tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən “ASAN xidmət”in mütərəqqi təcrübəsi təqdirəlayiq hal kimi xüsusi vurğulanmışdır.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşdur. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanmış stend qonaqlarda xüsusi təəssürat oyatmışdır.

Səfər çərçivəsində qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşlar.

Moldova nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.