Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-11-17
Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı çərçivəsində regional əməkdaşlıq uğurla davam etdirilir

Noyabrın 15-17-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 16-cı illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Assambleyanın açılışında Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kessler və Latviya Respublikasının Baş prokuroru Eriks Kalnmeiers çıxış edərək təşkilatın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar, korrupsiyaya qarşı mübarizə sahəsində dünyada həyata keçirilmiş mütərəqqi islahatlar, həmçinin gələcək planlar barədə ətraflı məlumat vermişlər.     

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya Şəbəkəsinin Baş idarə tərəfindən idarə edilən internet saytı və onun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə, təşkilata üzv ölkələr tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələr, o cümlədən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və onunla mübarizə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Bundan başqa, cari il mayın 23-24-də Buxarest şəhərində EPAC və EACN-in İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş konfransı çərçivəsində əldə olunmuş təcrübələrlə bağlı müvafiq hesabat təqdim edilmişdir.

Tədbir çərçivəsində Latviya Respublikasının Baş prokuroru və Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun rəhbəri, habelə OLAF-ın baş direktoru və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Tədbirin sonunda Gürcüstan Respublikasının quruma üzv qəbul edilməsi və  Regional Antikorrupsiya Təşəbbüsü təşkilatının EPAC-ın fəaliyyətinə və görülən işlərə nəzarətçi qismində seçilməsi ilə əlaqədar səsvermə keçirilmiş və hər iki təklif qəbul edilmişdir.