Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-11-13
Baş prokuror Hacıqabul şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı tapşırıqları Baş Prokurorluq tərəfindən daim diqqətdə saxlanılır və bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qəbula yazılış qabaqcadan başlanılmış, vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, prokurorluğun elektron poçt ünvanı vasitəsilə də qəbula yazılmışlar.

Qəbuldan əvvəl Baş prokuror və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak etmiş tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilmişdir.