Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-11-01
Baş Prokurorluq: Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin ona qarşı irəli sürülmüş ittihamların əsassız olması, həmçinin Maliyyə Nazirliyinin rəhbərliyi tərəfindən qanun pozuntularına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş,  məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev  Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törətmiş və vəzifə səlahiyyətlərini aşaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.

E.Sultanov bildirmişdir ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilmişdir.

O, əlavə olaraq qeyd etmişdir ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.