Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-10-25
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

Oktyabrın 20-21-də Tbilisidə Avropa İttifaqının TAİEX texniki yardım aləti çərçivəsində Gürcüstanın Daxili İşlər Nazirliyi Akademiyasının təşəbbüsü ilə “Cinayətkarlığın qarşısının alınmasında psixoloji dəyərləndirmənin rolu” mövzusunda seminar keçirilmişdir.

Böyük Britaniya, Norveç, İsveç və digər ölkələrin ekspertlərinin qatıldığı tədbirdə Gürcüstanın Daxili İşlər Nazirliyi Akademiyasının rektoru, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi və digər şəxslər ətraflı çıxış etmiş, həmin ölkələrdən olan mütəxəssislərin tədqiqatlarının nəticələri təqdim edilmişdir.

Seminar çərçivəsində psixoloqların Gürcüstanın hüquq mühafizə sistemindəki rolu, qəsdən adam öldürmə cinayəti törətmiş şəxslərin psixi xüsusiyyətləri və tətbiq olunan preventiv tədbirlər, azyaşlıların cinayət törətməsinə təsir edən psixi və sosial amillər geniş müzakirə olunmuşdur.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov “Azyaşlıların cinayət törətməsinə təsir edən psixi və sosial amillər” mövzusunda çıxış edərək, Azərbaycan Respublikasının qanunvericiliyində azyaşlıların ibtidai istintaq və məhkəmə baxışı zamanı hüquqlarının etibarlı şəkildə qorunmasını təmin edən normaların olmasını, ölkəmizdə yuvenal ədliyyənin inkişafının diqqət mərkəzində saxlanıldığını və bu sahədə beynəlxalq əməkdaşlığa önəm verildiyini xüsusi vurğulamışdır.

Seminar iştirakçıları Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyasının tədris prosesi ilə yaxından tanış olmuşlar.