Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-09-30
Bolqarıstanın vitse-prezidenti ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir

Sentyabrın 29-da Baş prokuror Zakir Qaralov ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumla əlaqədar səfərdə olan Bolqarıstanın vitse-prezidenti,  Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri xanım Marqarita Popova ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov qonaqları salamlayaraq ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş siyasi, iqtisadi, elmi və mədəni əlaqələr istiqamətində qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkələrimiz arasında mövcud strateji əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli ikitərəfli əlaqələrin inkişaf etməsindən doğan məmnunluq ifadə edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturu və fəaliyyət istiqamətləri haqqında dair ətraflı məlumat verilmişdir.

Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini diqqətə çatdırmışdır.

Baş prokuror ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə ayırmış olduğu xüsusi diqqət və müsbət töfhələrinə görə, o cümlədən bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsində göstərdiyi fəal dəstəyə görə xanım Marqarita Popovaya minnətdarlığını bildirmişdir.

Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən xanım Marqarita Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının nümayəndəsinin Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvlüyünə seçilməsinin önəmini vurğulamış və bundan sonra da ölkəmizə fəal dəstək verəcəyini bildirmişdir.

Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu otağı ilə yaxından tanış olmuşlar.

Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilmişdir.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvü Vüsal Hüseynov iştirak etmişdir.