Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-09-15
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Sentyabrın 11-dən 15-dək İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 21-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Korrupsiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində möhtəşəm uğurlar qazanılmaqla irimiqyaslı nailiyyətlərə imza atıldığını xüsusi vurğulamışdır.

Dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha intensiv xarakter almaqla mütərəqqi təşkilati və institusional tədbirlərin həyata keçirilməsi barədə ətraflı məlumat verən natiq, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında region ölkələrinin hüquq sistemində və qanunvericiliyində bu sahədə mövcud olan problemlər, onların həlli yolları və inkişaf perspektivlərinə toxunmuşdur. İclasın sonunda Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim edilmişdir.

İcraiyyə Komitəsinin iclasında nümayəndə heyətinin rəhbəri çıxış edərək Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi önəmi xüsusi vurğulayaraq ötən il ərzində Assosiasiya ilə səmərəli əməkdaşlığın inkişafı istiqamətində görülmüş işlərlə bağlı ətraflı məlumat vermişdir. İclasda həmçinin gündəlikdə duran təşkilati məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin növbədənkənar iclasında Qətərin Baş prokuroru Bin Fetais Al Marri, İsveçrənin Baş prokuroru Mixael Lauber, Perunun Baş prokuroru Pablo Velarde və digərləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində təmsil etdikləri ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək məqsədi ilə yeni əlaqələndirici bazanın yaradılması qərara alınmışdır.

Sentyabrın 12-də Assosiasiyanın 21-ci İllik Konfransı və Ümumi Yığıncağının  təntənəli açılış mərasimində İrlandiya Respublikasının Baş prokuroru Kler Loftus və BPA-nın prezidenti Gerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların rolunu qeyd etmiş, Assosiasiyanın ötən dövrlərdəki fəaliyyətinə nəzər salmışlar.

“Prokuror və müstəntiqlərin cinayət təqibində rolu” mövzusunda keçirilmiş İllik Konfransda dünyanın 92 ölkəsindən 550 nəfər, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.

Tədbirin sonuncu günü Assosiasiyanın Ümumi Yığıncağında qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə verdiyi töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri növbəti 3 il müddətinə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Assosiasiyanın prezidenti, İrlandiya, Türkiyə və Qətərin Baş prokurorları, eləcə də Böyük Britaniya, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparmışlar.

Tədbir çərçivəsində BPA-nın növbəti İllik Konfransının 2017-ci ilin sentyabr ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilməsi qərara alınmışdır.