Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-09-09
Minskdə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilmişdir

Sentyabrın 7-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 26-cı iclası keçirilmişdir.

MDB prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İclasda çıxış edən K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirmişdir. Fəaliyyət strategiyasının banisinin xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayan natiq, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini xüsusi qeyd etmişdir.

Bildirilmişdir ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20% ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri K.Əliyev terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat vermişdir.

İclasda həmçinin iqtisadi cinayətkarlığa qarşı mübarizə (Belarus), cəzaçəkmə müəssisələrində əhalinin sayının azaldılması (Qazaxıstan), seçkilərin keçirilməsi zamanı qanunçuluğun təmin olunması (Qırğızıstan), məhkəməyədək cinayət icraatında azyaşlıların hüquqlarının qorunması və bu sahədə prokuror nəzarəti (Rusiya), beynəlxalq təhlükəsizliyə təhdid edən cinayətkar qruplaşmalar və ekstremist təşkilatlara qarşı mübarizədə prokurorluq orqanlarının rolu (Tacikistan) mövzularında çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çayka şuranın növbəti il üçün sədri seçilmiş və növbəti iclasın 2017-cı ildə Rusiyada keçirilməsi qərara alınmışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparmışdır.