Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-07-05
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Forumda iştirak etmişdir

İyunun 28-29-da Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Xorvatiyanın Baş Prokurorluğu və Almaniya Federativ Respublikası (AFR) Saksoniya Torpağının Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 18-ci Beynəlxalq Forumu keçirilmişdir.

28 ölkədən yüksək səviyyəli nümayəndə heyətinin qatıldığı tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Beynəlxalq əlaqələr idarəsinin xidmət rəhbəri İsmayıl Qayıbov və Quba rayon prokuroru Valeh Səmədovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

Forumda AFR-ın Federal Baş prokuroru Peter Frank, həmin ölkənin Vürtemberq Torpağının Baş prokuroru Açim Braunayzen, Belçika Krallığının Federal prokuroru Frederik Van Leeuv, Türkiyə Respublikası Ali Məhkəməsinin prokuroru İlknur Altuntaş və digər ekspertlər beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, insan alveri, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, odlu silahın qanunsuz alveri, Avropanın şərq və qərb marşrutları üzrə mütəşəkkil miqrant alveri, insan qaçaqmalçılığı, internet şəbəkəsinin radikallaşdırılması və terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzularında çıxışlar dinlənilmiş, iştirakçılar tərəfindən təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Mehmet Akarca, Xorvatiya Respublikasının Baş prokuroru Dinko Svetan, Belarus Respublikasının Baş prokuroru Aleksandr Konyuk, Gürcüstanın Baş prokuroru İrakli Şotadze, Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən Eduard Xarunjen və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qeyd edilən ölkələrin Baş Prokurorluqları arasında əməkdaşlığın perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.