Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-06-07
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak etmişdir

Mayın 31-dən iyunun 1-dək Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət abidələrinə qarşı cinayətlər üzrə Komitəsinin 1-ci iclası keçirilmişdir.

“Mədəniyyət Abidələrinə Qarşı Cinayətlər haqqında Delfi Konvensiyası” 1985-ci ildən imzalanmaq üçün Avropa Şurası ölkələri üçün açıq olsa da, onun mətnində  mədəniyyət abidələrinin anlayışı müəyyən edilmədiyindən Konvensiya bir neçə ölkə tərəfindən imzalanmış, lakin heç bir ölkə tərəfindən ratifikasiya edilməmişdir. Bu səbəbdən Avropa Şurası tərəfindən yeni konvensiyanın hazırlanıb qəbul edilməsi vəzifəsi qarşıya qoyulmuşdur.

Tədbirdə yeni Konvensiyanın adı, “mədəniyyət abidələri” anlayışı, Konvensiyaya bir sıra xüsusi müddəaların əlavə edilməsi, o cümlədən sənədin Avropa Şurasının daha çox ölkəsi tərəfindən imzalanması ilə yanaşı Şuraya üzv olmayan üçüncü ölkələr tərəfindən ratifikasiya edilməsi məsələləri müzakirə olunmuşdur.

  Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov iclasda çıxış edərək mədəni, tarixi və arxeoloji əşyaların Azərbaycan sərhədindən gömrük nəzarətindən kənar, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə keçirilməsinə, tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyaların və sənədlərin talanmasına, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsinə görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyində məsuliyyətin nəzərdə tutulduğunu, eləcə də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn əməllərin törədildiyi haqda iştirakçılara ətraflı məlumat vermişdir.