Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-05-27
Misir Ərəb Respublikasının nümayəndə heyəti ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir

Ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun İstintaq İdarəsinin rəisi Hany Mohamed Loay Hassaneinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 26-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmuşdur.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqları salamlayaraq Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat vermişdir.

Görüşdə Baş İdarə rəisi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini diqqətə çatdırmışdır.

Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu otağı ilə yaxından tanış olmuşlar.

Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən Hany Mohamed Loay Hassanein ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir.

Görüş zamanı qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlar, habelə digər ölkələrin müvafiq qurumları ilə yaradılmış işgüzar münasibətlər barədə geniş məlumat verilmişdir. Görülmüş işlər böyük marağa səbəb olmuş və iki ölkə arasında bu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilmişdir.