Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-11-23
Azərbaycan Respublikası Prokurorluğu daha bir mötəbər quruma üzv qəbul olunmuşdur

Noyabrın 18-dən 20-dək Parisdə korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilmişdir. “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibəti ilə həmin qurumun inzibati binasında baş tutmuşdur.

Qeyd edilən qurumların prezidenti, eləcə də Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Baş prokuror Zakir Qaralovla əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC və EACN-ə üzvlük məsələsinin baxılması məqsədi ilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə sözügedən tədbirlərdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak etmişdir.

Baş Assambleyada Azərbaycanın quruma üzvlük məsələsinə baxılmışdır. Səsvermədən əvvəl K.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olmaqla beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməklə tətbiq edilməsinin beynəlxalq əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulamışdır. Daha sonra səsvermə keçirilmiş və Azərbaycan Respublikası Prokurorluğu qeyd olunan təşkilata üzv qəbul edilmişdir.

Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilmişdir.

Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da günləndirilməsi məqsədi ilə “Paris bəyannaməsi” qəbul edilmiş və 16-cı illik Konfransın Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun (KNAB) təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində keçirilməsi qərara alınmışdır.