Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-30
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun geniş kollegiya iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2014-cü ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini, diqqətə çatdırıb. Bildirilib ki, ötən il ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Hərbi prokuror deyib ki, 2013-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 9,4 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 13 faiz, tabelik qaydası əleyhinə 19,4 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 17,1 faiz, fərarilik 33,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma 18,2 faiz, qəsdən sağlamlığa zərər vurma 33,3 faiz, qəsdən adam öldürmə 7 faiz, xuliqanlıq 75 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi cinayətlərin cüzi artımı qeydə alınıb, 2013-cü illə müqayisədə qeyri-hərbi cinayətlərin sayı 1,7 faiz çoxalıb.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilməklə icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Kollegiyada hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə hərbi prokurorluq orqanları tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır. İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasını və cinayəti törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə həmin cinayət işləri Respublika Hərbi Prokurorluğu tərəfindən xüsusi nəzarətdə saxlanılır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2014-cü il yanvarın 9-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və bu il yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Xüsusi vurğulanıb ki, 2014-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 6 milyon 304 min 842 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib. Vurulmuş ziyanın tam ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 6 milyon manatdan çox müəyyən olunan əmlakı üzərinə həbs qoyulub.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 46 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 143 yoxlama keçirilib, nəticədə 1975 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 194 təqdimat göndərilib, 220 nəfərə xəbərdarlıq edilib, 57 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 142 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 36 qanunsuz qərar ləğv olunub.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 54 faizi təmin olunub, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 252 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1865 müraciətinə baxılıb, 1203 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2781 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2162 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin yaradılması ilə bağlı Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək bu barədə 2013-cü ilin iyulun 19-da baş prokuror Zakir Qaralov tərəfindən əmr imzalanıb və 2014-cü il fevralın 24-də muzeyin açılışı olub. Memorial Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Ötən il ərzində muzeyi 3589 nəfər ziyarət edib.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr edib, onlarla söhbətlər aparıblar.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 19 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 34 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 77 əməkdaş həvəsləndirilib, 57 işçi müxtəlif medallarla təltif olunub, 24 əməkdaşa rütbələr verilib, 14 işçi intizam məsuliyyətinə cəlb edilib.

Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Respublika Hərbi Prokurorluğunun şöbə rəisləri Mahir Əliyev, Mahir Əhmədov, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev, Qarabağ hərbi prokuroru Namiq Muradov, Tərtər hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.