Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-01-23
Baki Şəhər Prokurorluğunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir

Yanvarın 22-də Bakı Şəhər Prokurorluğunda şəhər prokurorluq orqanları tərəfindən 2009-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirmişdir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş xarici və daxili siyasət, həyata keçirilən islahatlar, infrastruktur layihələri sayəsində Azərbaycan böhrandan ən az əziyyət çəkən ölkələrdən biri olmuşdur.

Qeyd edilmişdir ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, iqtisadi artım 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Ötən ildə iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyəyə çatmışdır. Bu, böhran çəraitində çox böyük göstəricidir. Son altı ildə 840 min yeni iş yeri açılmışdır ki, bu da işsizlik kimi böyük bir sosial problemin aradan qaldırılmasına xidmət edir. Enerji sahəsində əldə edilmiş uğurlar respublikamızı həm siyasi, həm də iqtisadi cəhətdən daha da gücləndirmiş, ölkəmizin enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır.

Vurğulanmışdır ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, çox mötəbər beynəlxalq təşkilat olan Dünya İqtisadi Forumu 2009-cu ildə Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 51-ci yerə layiq görmüşdür. MDB məkanında isə respublikamız bu göstəricilər üzrə lider ölkədir. Müşavirədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlətçilik siyasəti sayəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi və mövcud kriminogen durumun sabitləşməsində oynadığı mühüm rol diqqətə çatdırılmışdır. 2009-cu ildə 10 min 781 cinayət hadisəsi qeydə alınmış, onların 81 faizinin üstü açılmışdır. Uzun müddət bağlı qalan adam öldürmək və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və pisxotrop maddələrin dövriyyədən çıxarılması, hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilmişdir. Şəhərin prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya tələbkar prosessual rəhbərlik bu sahədə qanunvericiliyə ciddi əməl olunması, təhqiqatın, istintaqın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarətin gücləndirilməsi sayəsində il ərzində prokurorluqda 539, daxili işlər orqanlarında isə 4275 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilmişdir.

Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılmış, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, itkin düşmüş kimi qeydə alınmış Sıralı Rəhməti və İbadulla Abdullayev barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işləri başlanmış və istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə tapşırılmışdır. Aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki cinayətin açılması təmin edilmiş, təkzibedilməz sübutlarla təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunmuşlar.

Müşavirədə bildirilmişdir ki, hesabat dövründə əldə olunmuş nailiyyətlərlə yanaşı nöqsanlar da mövcuddur. 2009-cu ildə baş vermiş 3 qəsdən adamöldurmə, 21 quldurluq və 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.

Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin vətəndaşları narahat edən problemlərin aradan qaldırılması, onların ərizə və müraciətlərinə vaxtında baxılması ilə əlaqədar tapşırıq və göstərişlərinə tam əməl edilməsi üçün əsaslı tədbirlər görülmüşdür.

Prokurorluq əməkdaşlarından əmək və icra intizamına tam, dəqiq riayət olunması tələb edilmiş, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülmüş, ötən il prokurorluğun 14 əməkdaşı intizam qaydasında cəzalandırılmışdır.

Müşavirədə şəhər prokurorunun müavini Qənimət Səfərov və rayon prokurorları hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məruzə etmiş, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürmüşlər. Bakı şəhər prokuroru Əziz Seyidov müşavirəyə yekun vuraraq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən şəhər prokurorluğunun kollektivi tərəfindən prokurorluğa ən yüksək səviyyədə göstərilən etimadı doğrultmaq, qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görüləcəyinə əminliyini ifadə etmişdir.