Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-01-26
Prokurorluq orqanlarında işləməyə namizədlər üçün yazılı imtahan keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqinə başlanılmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimai nəzarət, hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən əvvəlki 7 müsabiqə nəticəsində işə qəbul olunmuş 293 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 30 faizindən çoxunu təşkil edir.

Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik proseduru əsasında işə qəbulların keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlar olmuşdur.

Formalaşmış təcrübə nəzərə alınmaqla, qeyd edilən Əsasnamənin tələblərinə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2009-cu ildə 80 ştat vahidi üzrə növbəti 8-ci müsabiqə elan edilmiş, işə qəbulla bağlı müraciət etməklə müsabiqənin test imtahanından ibarət birinci mərhələsində iştirak edən 527 namizəddən 285 nəfəri, onlardan 22-si qadın, keçid balı toplayaraq, ikinci mərhələ kimi yazılı imtahanda iştirak etmək hüququ qazanmışlar. İkinci mərhələyə keçən namizədlərin 25-i məhkəmə, 13-ü daxili işlər orqanlarında işləyən şəxslərdir. Namizədlər arasında Konstitusiya Məhkəməsinin, Ombudsman Aparatının, Vergilər Nazirliyinin və hüquq məsləhətxanalarının əməkdaşları da vardır.

İkinci mərhələyə keçən namizədlərdən 60 nəfəri və ya 21,0 faizi 80-87, 47 nəfəri və ya 16,4 faizi 75-80, 65 nəfəri və ya 22,8 faizi 70-75, 113 nəfəri və ya 39,6 faizi 60-70 arasında bal toplamışdırlar. Həmin namizədlərin 198-i Bakı Dövlət Universitetinin, 24-ü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 22-si isə Naxçıvan Dövlət Universitetinin məzunlarıdırlar.

Müsabiqənin yazılı imtahan mərhələsində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi məqsədilə bir sıra dövlət orqanlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Yazılı imtahan mərhələsində iştirak etmiş 275 namizədin (onlardan 20-si qadın) cavabları xüsusi olaraq müəyyən edilmiş müvafiq ekspertlər tərəfindən yoxlanılmaqla, keçid balı toplayan şəxslər Qaydaların 7.5-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində tibbi müayinədən keçib müsbət rəylər alındıqdan sonra onların müsabiqənin üçüncü müsahibə mərhələsinə buraxılması təmin ediləcəkdir.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında  və Qəbul otağında asılmış lövhədə yerləşdiriləcəkdir.