Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-01-30
Respublika Hərbi Prokurorluğunun kollegiya iclasında görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Yanvarın 29-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin, Naxçıvan Muxtar Respublikası hərbi və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında 2009-cu ildə hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

İclasda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə həyata keçirdiyi müdrik dövlətçilik siyasətindən danışaraq qeyd etmişdir ki, bu siyasətin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən məqsədyönlü işlər nəticəsində 2009-cu ildə müstəqilliyimiz daha da möhkəmlənmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoymuş, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənmiş, sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilmişdir.

Geniş və hərtərəfli intellektə, zəngin erudisiyaya, nadir siyasi liderlik keyfiyyətlərinə sahib olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.

Ölkəmizin iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirmişdir ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətdə nizam-intizam güclənmiş və nöqsanların aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılmış, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlər açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilmişdir. Hərbi prokuror qeyd etmişdir ki, 2008-ci ilə nisbətən ötən il hərbi xidmət əleyhinə cinayətlər 0,9 faiz, o cümlədən tabelik qaydaları əleyhinə cinayətlər 11,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 19,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 7,4 faiz, fərarilik cinayətləri 63,1 faiz azalmaqla, bu qəbildən olan cinayətlərin sayı minimuma endirilmişdir. Qeydə alınmış cinayətlərin 99,7 faizi açılmışdır. Törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrin yaranması və birgə müəyyənləşdirilmiş tədbirlər planları əsasında görülmüş tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Hərbi birləşmələrdə törədilmiş cinayət hadisələri, xüsusilə tabelik qaydaları əleyhinə cinayətlər, hərbi xidmətdən yayınma, o cümlədən fərarilik cinayətləri, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri və başqa cinayətlər əhəmiyyətli şəkildə azalsa da, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri, qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər isə 13,5 faiz artmışdır. Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunda qanunla nəzərdə tutulan müvafiq tədbirlər görülmüşdür. Həmin növ cinayətlərin qarşısının alınması üçün məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir.

Göstərilən cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandirlərinə təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilmiş, Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və başqa silahlı birləşmələrlə birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin “Novruz bayramı münasibəti ilə amnistiya elan edilməsi haqqında” 2009-cu il 17 mart tarixli qərarı Respublika Hərbi Prokurorluğu tərəfindən vaxtında həyata keçirilmişdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev diqqətə çatdırmışdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və dövlətimizin başçısı İlham Əliyevin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli Fərmanının həyata keçirilməsi ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə və sair cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Hesabat dövründə mülkiyyət əleyhinə olan cinayətlər bir qədər artsa da, hərbi prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 74 faizinin istintaq zamanı ödənməsi təmin edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 14,3 faiz çoxdur. Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, ərazi hərbi prokurorları mənimsəmə və israfetmə yolu ilə talama cinayətlərinin aşkarlanması sahəsində ciddi tədbirlər görməli, Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrini və bununla bağlı Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 9 iyul tarixli 10/44 nömrəli əmrini rəhbər tutmaqla bu sahədə görülən işlərin səmərəliliyini daha da artırmalıdırlar.

2009-cu ildə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülməklə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanmaqla baxılması üçün məhkəməyə göndərilmişdir.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 166 yoxlama keçirilmiş, bunun nəticəsində 2002 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 213 təqdimat göndərilmiş, 270 nəfərə xəbərdarlıq verilmiş, 83 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 149 yazılı göstəriş verilmişdir. Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbənin fəaliyyəti səmərəli olmuşdur. Şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 49 apellyasiya protestinin 67,4 faizi təmin olunmuşdur.

Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə hesabat dövründə 219 məhkəmə prosesinin səyyar qaydada keçirilməsi təmin edilmişdir. Hərbi prokurorun hesabat məruzəsində, həmçinin “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, təhqiqatın təşkili və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar ciddi tənqid olunmuş, belə mənfi halların təxirəsalınmadan aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

2009-cu ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 1625 müraciətinə baxılaraq qanuni həllini tapmış, 3534 vətəndaş müxtəlif məsələlərlə bağlı, hərbi hissə və birləşmələrdə isə 2394 nəfər hərbi prokurorluğun əməkdaşları tərəfindən qəbul edilmişdir.

Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclası iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət əməlləri CM-in 103-cü (soyqırımı) və digər maddələrinə tövsif edilmiş, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və prokurorluğun həyatında yeni təkmilləşmə, inkişaf və hərtərəfli müasirləşmə dövrünün əsasını qoymuş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq müvafiq işlər görülmüşdür. Dövlət proqramına əsasən bu ilin mart ayında Azərbaycan Respublikası Hərbi Prokurorluğunda struktur dəyişiklikləri olmuş, baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun əmri ilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq və maddi-texniki təminat şöbələri yaradılmışdır. Bununla yanaşı, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair” 2009-2011-ci illər üçün Dövlət proqramına uyğun olaraq Prezidentin müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılaraq fəaliyyətə başlamışdır.

Hərbi prokuror diqqətə çatdırmışdır ki, ötən il Azərbaycan Respublikası baş prokurorunun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 25 işçi vəzifədə irəli çəkilmiş, xidməti fəaliyyətlərində fərqlənmiş 76 əməkdaş həvəsləndirilmiş, 12 işçiyə xüsusi rütbə, 23 əməkdaşa isə hərbi rütbələr verilmişdir.

Bununla yanaşı, hərbi prokurorluq əməkdaşlarının əmək və icra intizamına tam, dəqiq riayət olunması tələb edilmiş, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülmüşdür. Belə ki, ötən il respublika hərbi prokurorunun təqdimatları əsasında prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Respublikası baş prokurorunun əmrləri ilə 2 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə prokurorluq orqanlarından xaric edilmiş, respublika hərbi prokurorunun əmrləri ilə 9 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur.

Hərbi prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.

Məruzələr ətrafında respublika hərbi prokurorunun müavinləri – ədliyyə polkovnikləri Rasim Kazımov, Şəfahət İmranov və digərləri çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasına yekun vuraraq əmin etmişdir ki, Respublika Hərbi Prokurorluğu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı səmərəli mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəkdir.