Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-05-17
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı iyunun 12-də keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən vakant 100 ştat vahidi üzrə cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu mayın 31-dək davam etdiriləcəkdir.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 12 iyun 2016-cı il tarixdə saat 14:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcəkdir.

Müsabiqəyə buraxılmış namizədlər 8-10 iyun 2016-cı il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunmuşdur:

Azərbaycan Respublikasının Konstitusiyası;

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Prokurorluğa işə qəbulla bağlı Baş Prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 492-06-82, 492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.