Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-03-30
Özünü idman gödəkçəsinin parçasi ilə asaraq intiharetmə faktı ilə əlaqədar cinayət işinin istintaqı davam etdirilir

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında bildirilmişdir ki, martın 23-nə keçən gecə Bakı şəhər sakini Seyfəddin Abbasova naməlum şəxs tərəfindən bıçaqla ağır xəsarət yetirilməsi faktına görə Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin qəsdən sağlamlığa agır zərərvurma maddəsi ilə başlanılmış cinayət işi üzrə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini Ceyhun Zərbəliyev saxlanılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun həyat yoldaşı Sədaqət Abbasovanı hələ uşaq yaşlarından tanımaqla Cəlilabad şəhərində qonşu olmuşlar. 2009-cu ilin iyun-avqust aylarında Sədaqət Abbasova Cəlilabadda olarkən, əri ilə soyuq münasibətdə olduğunu Ceyhun Zərbəliyevə bildirmiş və bundan sonra onlar müntəzəm telefon əlaqəsi saxlamışlar. Bu əməllər Sədaqət Abbasova Bakıya qayıtdıqdan sonra da davam etmiş və bir-birilərinə müxtəlif məzmunda mesajlar göndərmişlər.

Seyfəddin Abbasov mesaj göndərənin Ceyhun Zərbəliyev olduğunu öyrənib ona zəng etmiş, lakin sonuncu tərəfindən təhqirə və hədə-qorxuya məruz qalmışdır.

Martın 22-də saat 24:00 radələrində Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun Bakıda yaşadığı mənzilə gəlib həyat yoldaşının, bacısının və azyaşlı uşaqlarının yanında münaqişə yaradaraq bıçaqla onun qarın nahiyəsinə ağır xəsarət yetirmişdir. Ertəsi gün Ceyhun Zərbəliyev polis əməkdaşları tərəfindən yaxalanmış, həmçinin cinayətin aləti olan gizlətdiyi bıçaq tapılaraq müvafiq qaydada sənədləşdirilmişdir.

C.Zərbəliyev istintaq prosesində törətdiyi cinayət əməlini tam etiraf etmiş və barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə martın 24-də saat 18:00 radələrində Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına göndərilmişdir. Martın 25-i saat 01 radələrində təcridxananın əməkdaşları, Ceyhun Zərbəliyevin özünü əynindəki idman gödəkçəsinin parçasından istifadə etməklə tək saxlanıldığı kameranın pəncərəsinin dəmir barmaqlığından asaraq intihar etdiyini aşkarlamışlar.

Dərhal hadisə yerinə dəvət olunmuş rayon prokurorluğunun əməkdaşları hal şahidlərinin iştirakı ilə intiharın baş verdiyi yerə və meyitə baxış keçirmişlər.

İlkin xarici baxış, həmçinin Məhkəmə-Tibbi Ekspertizası Birliyinin Nəsimi rayon şöbəsi tərəfindən Ceyhun Zərbəliyevin meyitinin qohumlarının iştirakı ilə müayinəsi zamanı mərhumun boyun nahiyəsində özünü asma nəticəsində əmələ gəlməyə xarakterik şırımdan başqa bədənində hər hansı digər xəsarət əlaməti aşkar edilməmişdir.

Hazırda həmin faktla əlaqədar başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Eyni zamanda, faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti təhqiqatın nəticələrinə görə, qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən sayıqlığı itirmiş müvəqqəti saxlama təcridxanasının hadisə baş verdiyi gün növbədə olmuş 3 əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.