Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-04-12
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Imtahan” informasiya sisteminin təqdimati olmuşdur


Aprelin 12-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarında tətbiq olunan yeni informasiya texnologiyalarının tərkib hissəsi kimi “İmtahan” informasiya sisteminin təqdimat mərasimi keçirilmişdir.


Baş Prokurorluğun rəhbər heyətinin, Ali Attestasiya Komissiyası üzvlərinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqları attestasiya komissiyaları sədrlərinin iştirakı ilə keçirilən tədbirdə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə “Elektron hökumət” layihəsi çərçivəsində son vaxtlar daha sürətlə aparılan, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi, prokurorluq əməkdaşlarının həmin sahədə bilik və təcrübələrinin artırılması, avtomatlaşdırılmış məlumat sistemlərinin, informasiya resurslarının yaradılması və onlardan səmərəli istifadə edilməsi istiqamətində görülmüş işlər, elektron sənəd mübadiləsinin tətbiqi perspektivləri ətrafında geniş müzakirələr aparılmışdır.

Tədbiri açan Baş prokurorun birinci müavini Rüstəm Usubov xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya texnologiyaları uğurla tətbiq edilir. Bunun nəticəsində dövlətin, sosial təsisatların, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin, bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin maraqlarının təmin edildiyi informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli mühit formalaşdırılmışdır. Bu, prokurorluq orqanlarında da şəffaflığın artırılmasına, cinayətkarlıqla mübarizə, insan hüquq və əsas azadlıqlarının müdafiəsi işinin keyfiyyətinin yüksəldilməsinə, bürokratik maneələrin aradan qaldırılmasına, prokurorluğun elektron informasiya məkanına inteqrasiyasına, onun əlaqələrinin, o cümlədən beynəlxalq əlaqələrinin genişləndirilməsinə təkan vermişdir. Azərbaycan prokurorluğunun tarixində hərtərəfli təkmilləşmə və müasirləşmə dövrünün əsasını qoyan Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın yeni informasiya texnologiyalarının tətbiqi işində mühüm rol oynaması, prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya kommunikasiya sisteminin yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov prokurorluq əməkdaşlarının biliklərinin yoxlanılması və qiymətləndirilməsi prosesinin avtomatlaşdırılması məqsədi ilə hazırlanan “İmtahan” informasiya sistemi barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Təqdimat mərasimində iştirakçıları maraqlandıran suallara cavab verilmiş, “İmtahan” informasiya sisteminin tətbiqi ilə bağlı konkret tədbirlər müəyyənləşdirilmişdir.