Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçilərinin məqalə və çıxışları

2019-09-02
Hüquq islahatları yeni mərhələyə qədəm qoyur

Təcrübə göstərir ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın nail olduğu və daim yüksələn xətlə artan inkişaf göstəriciləri aparılmış islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələri kimi beynəlxalq səviyyədə təqdir olunur. Belə ki, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olmuşdur.

Məhkəmə-hüquq sistemi daha da təkmilləşəcək

Prezident İlham Əliyevin and içərək yeni müddətə öz səlahiyyətlərinin icrasına başlamasından bir il ötür. 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində möhtərəm Prezident İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini bəyan etdi. Bəli, geridə qoyduğumuz bir il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi ilə əlamətdardır.

Novruz bayramı münasibətilə xalqımızı təbrikində Azərbaycanın tarixdə heç vaxt indiki qədər güclü olmadığını bəyan edən Prezident İlham Əliyev islahatların daha da dərinləşəcəyini, o cümlədən məhkəmə-hüquq sistemində islahatların keçiriləcəyini bildirdi: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”. Beləliklə, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu ildən başlanan yeni islahatların sırasına biri də əlavə olundu. Fərmanda qeyd olunduğu kimi ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və daha da dərinləşdirilməsini zəruri edir.

Göründüyü kimi cənab Prezident respublikamızın daha da inkişafı naminə islahatların əsas aparıcı sahələrdə kompleks şəkildə həyata keçirilməsini və bir-birini tamamlamasını zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi ötən bir il ayrı-ayrı sahələrdə həyata keçirilən köklü islahatlarla əlamətdardır. Qarşıya qoyulan hədəflərə daha sürətlə çatmaq və sanballı nəticələr əldə etmək üçün isə digər sahələr kimi ölkənin hüquq sistemininin də müasir çağırışlara adekvat cavab verməsi vacibdir. Çünki məhz təkmil və şəffaf hüquq sistemi cəmiyyətdə sosial harmoniyanın, hüquqi bərabərliyin və vətəndaş məmnunluğunun təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan məhkəmə-hüquq sisteminə cəmiyyətdə ən yüksək etimad formalaşmalı, hər bir vətəndaş ədalət mühakiməsinin məhz ədaləti təmin edəcəyinə tam əmin olmalıdır.

Müstəqillik tariximizə nəzər salsaq görərik ki, həyata keçirilən hüquqi islahatlar hər bir mərhələdə dövrün nəbzini tutmaqla bu vəzifələri uğurla yerinə yetirmişdir. Müstəqillik illərində Azərbaycanda hüquqi islahatların keçirilməsinin vacibliyi 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda öz əksini tapmışdı. Lakin müstəqilliyimizin ilk illərində bu istiqamətdə praktiki olaraq heç bir addım atılmadı, yeni dövrün çağırışlarına cavab verən hüquq sisteminin formalaşdırılmasına təşəbbüs göstərilmədi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi ölkənin hüquq sistemində də müasir çağırışlara uyğunlaşmanın əsasını qoydu. Bu baxımdan müstəqil, müasir Azərbaycanda hüquq sisteminin formalaşdırılmasının və inkişafının banisi ümummilli lider Heydər Əliyevdir.

Prokurorluğun fəaliyyətində yeni mərhələ

Ulu öndərin 1993-cü ildə Prezident seçilməsindən sonra bütün sahələrdə yeni islahatlara start verildi. Buna qədər yeni demokratik şəraitin tələblərinə cavab verməyən, sovet dövrünün ideoloji ənənələri çərçivəsində fəaliyyət göstərən hüquq sistemi də islahatlar çərçivəsində müasir çağırışlara uyğun dəyişikliklərə məruz qaldı. Bu sahədə fəaliyyət göstərən dövlət təsisatları - prokurorluq və məhkəmə orqanları yeni siyasi-iqtisadi formasiyanın şərtləri çərçivəsində yenidən formalaşdırıldı.

Ulu öndərin müəllifliyi ilə hazırlanan və 12 noyabr 1995-ci il tarixində referendumla qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən hüquqi islahatların həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə yol açdı. Beləliklə, dövlət quruculuğunun parlaq səhifələrindən biri kimi Azərbaycan Prokurorluğunun da sivil və demokratik məzmunlu bir qurum kimi tam yenidən formalaşması ölkəmizdə həyata keçirilən hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğısı və dəstəyi nəticəsində mümkün oldu. Öz fəaliyyətində və səlahiyyətlərində qanunçuluğa, dövlətçiliyə xidməti əsas götürən, bitərəflilik, qərəzsizlik və obyektivlik kimi prinsiplərə sadiq olan prokurorluq tezliklə nüfuzlu orqan kimi fərqlənməyə başladı.

Azərbaycan Prokurorluğunun tarixi 1918-ci il oktyabrın 1-dən başlayır. Məhz ümummilli lider Heydər Əliyevin dövlətimizin və prokurorluğun tarixinə yüksək ehtiramının nəticəsi olaraq 1998-ci ildən hər il oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlamışdır. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.

Prokurorluğun inkişafında növbəti mərhələ 2000-ci il aprelin 26-dan başlayır. Həmin gün Heydər Əliyev prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşmüşdü. Bir neçə gün sonra 19-cu ili tamam olacaq bu tarixi görüş respublikamızın prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formlaşdırılmasını yeni mərhələyə qaldırdı. Həmin tarixdən sonra başladılan yeni islahatlar nəticəsində köklü struktur dəyişiklikləri həyata keçirildi, prokurorluq orqanları tamamilə yenidən formalaşdırıldı, onun daha səmərəli fəaliyyəti üçün hüquqi baza bir daha təkmilləşdirildi. Ulu öndərin tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər çərçivəsində prokurorluğun demokratik məzmunda yenilənməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı çevik mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edildi. 2002-ci ildə Konstitusiyaya edilən dəyişikliklər isə prokurorluq orqanlarının hüquq sistemindəki yerini və rolunu daha da gücləndirdi, ona yeni səlahiyyət verdi. Belə ki, bundan sonra prokurorluq qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməyə başladı. Bu mütərəqqi yenilik prokurorluq orqanlarına qanunçuluğun, ədalət mühakiməsinin və dövlət ittihamının təmini ilə yanaşı, qanun yaradıcılığı prosesində fəal iştirak imkanları yaratdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində respublikamızda qanunun aliliyi təmin edilməklə, ədalət mühakiməsinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, 2003-cü ildən ötən dövrdə Prezident İlham Əliyevin dövrün nəbzini tutmaqla reallaşdırdığı yeni islahatlar hüquq sistemindən də yan ötməmiş, bu sahədə yeni keyfiyyət dəyişikliklərinə yol açmışdır. Xüsusilə qeyd etməliyik ki, dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamına əsasən həyata keçirilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Bununla həm də qanunçuluğun, cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu daha da yüksəlmişdir. Bundan başqa, Dövlət Proqramı prokurorluq orqanlarının fəaliyyətində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsinə, son informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində və dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılmasına, bir sözlə, prokurorluq orqanlarının işinin və qarşısında dayanan vəzifələrin günün tələblərinə uyğun şəkildə daha yüksək səviyyədə qurulmasına böyük təkan vermişdir.

Bütün bunlar göstərir ki, dövrün çağırış və tələblərinə uyğun olaraq prokurorluq orqanlarının keçdiyi inkişaf yolu dinamik olmuşdur. Bunun da nəticəsində hüquq sisteminin aparıcı qolu olan prokurorluğun status və səlahiyyətlərində mütərəqqi dəyişikliklər baş vermişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.

Prokurorluq orqanlarındakı yenilənmə prosesi daimidir. Hər il gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə prokurorluq orqanlarında sağlam iş mühitinin qorunub saxlanılması, düzgün kadr siyasətinin həyata keçirilməsi təmin edilir, fəaliyyətimizin hər bir məqamında qanunçuluq və dövlətçilik prinsipləri önə çəkilir. İnamla demək olar ki, indiyədək həyata keçirilmiş islahatların nəticəsi olaraq cəmiyyətimizdə prokurorluq orqanlarına inam və etimad daha da yüksəlmiş, prokurorluğun ictimai nüfuzu daha da artmışdır.

Respublikada davamlı şəkildə həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı Şəhər Prokurorluğu da ötən illərdə öz fəaliyyətini təkmilləşdirmiş, səlahiyyətləri daxilində qarşısında duran xidməti vəzifələrin layiqincə təmin olunması baxımından nailiyyətlərə imza atmışdır. Bu gün Bakı Şəhər Prokurorluğu və tabe rayon prokurorluqları respublikamızın Konstitusiyasını, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq paytaxtımızda cinayətkarlığa qarşı mübarizədə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və mənafelərinin təmini sahəsində vəzifələrini layiqincə yerinə yetirirlər.

Ədalət mühakiməsinin keyfiyyət və şəffaflığı artacaq

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının vacibliyi önə çəkilir. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Fərmanda yer alan tövsiyə və tapşırıqların yerinə yetirilməsi ilə hakimlərin müstəqilliyini təmin etmək üçün məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdiriləcək, müdaxiləyə görə məsuliyyət artırılacaq. Həmçinin məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq, protokollar məhkəmə iclasının audioyazısına uyğun tərtib olunacaq. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılacaq. Hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflıq daha da artırılacaq, bu sahədə tətbiq edilən meyarlar təkmilləşdiriləcək, məhkəmələrdə işlər təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürüləcək. Qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması, məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi də yeni hüquqi islahatların əsas tərkib hissələri olacaq. Fərmana əsasən ölkəmizin hüquq sistemindəki yeniliklərdən biri də sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması üçün ixtisaslaşmış məhkəmənin yaradılması olacaq.

Prokurorluq orqanları islahatlara layiqli töhfə verəcək

Ölkədə hüquq institutlarının inkişafı, normativ-hüquqi bazanın, hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar aparılan davamlı məhkəmə-hüquq islahatları bu sahədə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkilini, habelə insan hüquq və azadlıqlarının, ictimai maraqların yüksək peşəkarlıq səviyyəsində müdafiə olunmasını zəruri edir. Cənab Prezidentin Fərmanında prokurorluq orqanlarının da fəaliyyət dairəsinə daxil olan məsələlər əksini taparaq bununla bağlı tövsiyələr verilmişdir. Belə ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ali Məhkəməyə tövsiyə edilir, habelə Ədliyyə Nazirliyinə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Bundan başqa, Fərmanda Baş Prokurorluğa tövsiyə edilir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev qəbul etdiyi hüquqi aktlar və əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib. Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da dövlət başçısının humanist siyasətinin bariz təzahürüdür. Bu sərəncamda qarşıya qoyulmuş tapşırıqların və tövsiyələrin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə iki il əvvəl Baş Prokurorluq, Ali Məhkəmə, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət işçi qrupu qısa zaman kəsiyində səmərəli təkliflər irəli sürdü. Daha sonra həmin təkliflər əsasında hazırlanmış qanun layihəsi ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olundu. Milli Məclisdə qəbul edilən və 2017-ci il dekabrın 1-dən qüvvəyə minən Qanuna əsasən Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edildi. Nəticədə Cinayət Məcəlləsində indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməli dekriminallaşdırıldı və ən əsası məcəlləyə cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqini əsaslandıran yeni müddəalar əlavə edildi. Bununla da 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzalar əlavə edilərək cəza siyasəti humanistləşdirildi. Bunun nəticəsidir ki, ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayında 30 faiz azalma baş vermişdir.

Dövlət ittihamı ən layiqli kadrlara həvalə olunacaq

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə aprelin 9-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə Fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək üçün cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Həmçinin Fərmandan irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə 4 aprel 2019-cu il tarixdə Baş Prokurorluqda İşçi Qrupu da yaradılmışdır. İlkin mərhələdə isə Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən sərəncam imzalandı. Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində isə mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınmış və komissiya yaradılmışdır. Artıq Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilmişdir. Növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorlar eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin olunacaqlar.

Azərbaycan Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları, - ədliyyə, daxili işlər, məhkəmə ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Bu gün prokurorluq orqanları Prezident İlham Əliyevin respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunun uğurla reallaşması istiqamətində, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər kəsin hüquq və mənafeyinin qorunmasına əzmlə xidmət edirlər. Öz fəaliyyətini daim bu prinspilər üzərində quran prokurorluq orqanları dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanında qarşıya qoyulan məsələləri də yüksək səviyyədə yerinə yetirəcək, hüquqi islahatların dərinləşməsinə özünün layiqli töhfələrini verəcəklər. O cümlədən Bakı Şəhər Prokurorluğu da cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparan, bu sahədə daim profilaktik tədbirlər görən, müvafiq ərazilərdə qanunların eyni cür və dürüst icrasını təmin edən bir orqan kimi bundan sonra da üzərlərinə düşən bütün vəzifələri yüksək keyfiyyətlə yerinə yetirəcək, peşə prinsiplərinə sədaqətlə xidmət etməklə öz işini ölkə qanunvericiliyinin və Azərbaycan Prezidentinin müəyyən etdiyi tələblər səviyyəsində quracaq, insan hüquq və azadlıqlarının müdafiəsində, qanunçuluğun təmin edilməsində yeni nailiyyətlər əldə edəcək.

Bütövlükdə, hüquqi islahatların dərinləşdirilməsini nəzərdə tutan yeni fərman məhkəmə-hüquq sisteminin daha da inkişafını, fəaliyyətin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin edəcək və bu sahədə ən demokratik ənənələrin bərqərar olması baxımından mühüm addımdır.

İlqar ABBASOV,

Bakı şəhər prokuroru,

III dərəcəli dövlət ədliyyə müşaviri

(18 aprel 2019-cu il, Respublika qəzeti)