Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-11-20
Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi. XX əsrin sonlarında ikinci dəfə əldə etdiyimiz müstəqillik əsrlər boyu xalqımızın şüurlarda yaratdığı “insan üçün azadlıqdan, dövlət üçün isə müstəqillikdən böyük sərvət yoxdur” fikrinin milli oyanışda təzahürünün nəticəsi olmuşdur.

Azərbaycan əlverişli coğrafi mövqedə yerləşməsinə və zəngin təbii sərvətlərinin olmasına, tarixinin ayrı-ayrı dövrlərində müxtəlif böyük dövlətlərin müstəkəmləkəçilik zülmü altında yaşamağa məcbur olmasına və öz sərvətlərinə tam şəkildə sahib olmaq imkanından məcburən məhrum olunmasına baxmayaraq, xalqımız həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.
Ötən əsrin əvvələrində 27 may 1918-ci ildə Zaqafqaziya Seyminin Tiflis şəhərində keçirilən fövqəladə iclasında müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edərək, ölkənin Milli Şura və müvəqqəti hökumət tərəfindən idarə olunacağını bəyan etdi.

Müstəqil Azərbaycan Respublikasının yaradılması ilə əlaqədar qəbul olunmuş 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsində tam müstəqil, bütün millətlər, xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışan, xalqı suveren hüquqlara malik, öz sərhədləri daxilində millətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarını təmin edən, onların azad inkişafı üçün geniş imkanlar yaradan dövlətin qurulması bütün dünyaya bəyan edilmiş və qeyd olunan prinsiplər yeni dövlətin siyasi quruculuğunun və gələcək inkişafının əsas istiqamətləri kimi təsbit olunmuşdur.
Fəaliyyət göstərdiyi 23 ay ərzində Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından biri kimi Milli pul vahidini dövriyyəyə buraxmış, Dövlət Bankı yaradılmış, maliyyə-kredit, vergi, gömrük sistemi formalaşdırılmış, nəqliyyat, rabitə, poçt-teleqraf, telefon əlaqələrini nizama salmış, milli ordunu formalaşdırmış və xarici siyasət sahəsində dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm əhəmiyyətli addımlar atmış və dünyanın 23 dövləti tərəfindən tanınmışdır.
Parlamentin və hökumətin yetirdiyi fəal və məqsədyönlü siyasət nəticəsində 11 yanvar 1920-ci ildə keçirilmiş Paris sülh konfransında Azərbaycanın müstəqilliyi rəsmən tanınmışdır.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynamaqla, çox dərin izlər buraxmış və tariximizin ən parlaq səhifələrindən biridir. Müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda qurulması həmişə azadlığa və süverenliyə can atmış, həmin bəşəri dəyərləri yüksək qiymətləndirərək, bunların uğrunda ağır qurbanlar vermiş xalqımızın arzu və istəklərinin, milli özünüdərketmə prosesinin ifadəsi və təntənəsi, keçdiyi mürəkkəb və şərəfli tarixi inkişafın, onun böyük mütəfəkkir və ziyalılarının müstəqil dövlət quruculuğu ideyalarının reallaşması yolunda sərf etdikləri ağır və gərgin əməyin məntiqi nəticəsi idi. Bu tarixi hadisə ilə islam dünyasında əvvəllər mövcud olmuş butun dövlətlərdən köklü surətdə fərqlənməklə, monarxiya və təkhakimiyyətliliyi inkar edən, dünyəvi prinsiplərə əsaslanan ilk demokratik dövlət yarandı və dünya birliyində öz tarixi yerini tutdu”.

Milli Şuranın 17 iyun 1918-ci ildə keçirilmiş iclasında yeni yaradılacaq müvəqqəti hökumətin hüquq və vəzifələri, onun özünün buraxılması barəsində qətnamələr, 19 noyabr 1918-ci il tarixli iclasında isə “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun qəbul edilmiş, Azərbaycan Parlamenti müxtəlif fraksiya və qrupdan ibarət 97 nümayəndə ilə təmsil olunaraq, hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyətin bölgüsü prinsiplərini tətbiq etmişdir. Parlamentin qanunvericilik hakimiyyətini həyata keçirilməsi, hökumət və mərkəzi dövlət orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyən olunması ilə yanaşı bu və ya digər orqanın hesabatını dinləyib, müvafiq qərar qəbul etmək, həmçinin ali dövlət nəzarətini həyata keçirmək səlahiyyəti də var idi.
Hökumətin 27 iyun 1918-ci il tarixli fərmanı ilə Azərbaycan dili dövlət dili elan olunmuş, 09 noyabr 1919-cu ildə dövlət bayrağı haqqında qəbul etdiyi qərara əsasən üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri olan üç rəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət bayraqla əvəz olunmuşdur.

Cümhuriyyətin fəaliyyəti dövründə qanunvericilik fəaliyyəti sahəsində xeyli işlər görməklə, hüququn ayrı-ayrı sahələri üzrə qanunlar qəbul olunmuş, 11 avqust 1919-cu ildə parlament tərəfindən “Azərbaycan vətəndaşlığı, vətəndaşlığın qəbul edilməsi və onun müəyyən olunması haqqında”, 12 aprel 1920-ci ildə “Mənzil, ticarət və digər sahələrdən istifadə şərtləri və istifadəyə görə maksimum qiymətlərin müəyyən edilməsi haqqında”, “Dövlət ödəmələri üzrə daşınar və daşınmaz əmlakın siyahıya alınması və hərraclarda satılması qaydasının dəyişdirilməsi haqqında və digər Qanunlar qəbul olunmuşdur.

Cümhuriyyət yarandığı vaxtdan məhkəmə sisteminin yeni əsaslarla təşkili məsələsinə də böyük diqqət yetirmişdir. Hökumətin 15 iyun 1918-ci ildə “Korpus məhkəmələrinin yaradılması haqqında” qərarına əsasən ağır cinayət işlərinə baxmalı olan məhkəmələr yaradılması nəzərdə tutulmuşdu. 14 noyabr 1918-ci ildə Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında” Əsasnamə ilə Bakı şəhərində apellyasiya məhkəməsi statusuna malik mülki və cinayət işləri üzrə departamentlərdən ibarət Azərbaycan Məhkəmə Palatası təsis olunmuşdur.
Məhkəmə Palatasının nəzdində fəaliyyət göstərməli olan prokuror nəzarətinin təşkili və strukturu da həmin əsasnamə ilə müəyyən edilirdi. Palatanın nəzdində prokuror və onun iki köməkçisindən ibarət cinayət mühakimə icraatında dövlət ittihamçısı funksiyasını yerinə yetirən və məhkəmə orqanlarında qanunların düzgün tətbiqi üzərində nəzarəti həyata keçirən prokuror nəzarəti fəaliyyət göstərirdi. Prokuror nəzarətinə baş prokuror rəhbərlik etməklə o, eyni zamanda ədliyyə naziri qismində məhkəmə idarəçiliyini həyata keçirən ali orqanın başçısı hesab olunurdu.
Bununla ynaşı, Bakı və Gəncə dairə məhkəmələrinin nəzdində də prokuror nəzarəti fəaliyyət göstərirdi. Dairə prokurorlarının müavinlərinə ibtidai istintaqın aparılması üzərində nəzarətin həyata keçirilməsi həvalə olunmuşdu.

Lakin, xarici təcavüzkar və daxili antimilli qüvvələr Xalq Cümhuriyyətinin fəaliyyətini davam etdirib, öz ideyalarını axıradək reallaşdırılmasına imkan vermədi. 1920-ci ilin aprel ayında XI rus ordusu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Aprelin 26-dan 27-nə keçən gecə həmin ordu hissələri ölkəmizin ərazisinə daxil olub, Bakıya doğru irəlləməyə başladı. 27 aprel 1919-cu ildə gündüz saat 12-də hakimiyyətin təhvil verilməsi haqqında Azərbaycan Parlamentinə ultimatum verildi. Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərilməsi xahişi ilə müraciət etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi.
Bundan sonra Azərbaycan xalqının taleyinə 70 ildən çox bir müddətdə Sovetlər Birliyinin tərkibində azadlıq və müstəqillik yolunda çox çətin və əzablı mübarizə aparmaq kimi tarixin acımasız həqiqətləri yazıldı.

Nəhayət, xalqımız apardığı mübarizədə verilmiş şəhidlər və qanlar bahasına XX əsrin əvvədlərində itirilmiş müstəqilliyimizi bərpa etməyə nail olmaqla, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi, müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini və İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may gününü Respublika Günü kimi qəbul etdi.

Azərbaycanın müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Müstəqilliyini yeni qazanmış Azərbaycanın qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Sovet imperiyasının dağılmasından sonra siyasi sistemi dəyişən dövlətin yeni şəraitdə yaşaması inkişafı üçün geniş profilli islahatlara, radikal qərarlara ehtiyacı var idi. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində olduqca mürəkkəb siyasi, sosial, iqtisadi vəziyyətin mövcud olduğu bir şəraitdə hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, əksinə bu qüvvələrin yarıtmaz fəaliyyətləri nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı.
1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmış, kriminal ünsürlər baş qaldırmış, adi vətəndaşlardan tutmuş yüksək rütbəli dövlət xadimlərinə, dövlətçiliyə qarşı törədilən cinayətlərin sayı artmış, dövlət idarə və müəssisələrində dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə pozuntuları geniş vüsət almışdı.

Ölkəni siyasi böhrandan çıxarmaq üçün qədirbilən xalqımız özünün xilaskarı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu və xalqın tələbi ilə möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan məhz onun sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə özünün sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu öndərin rəhbərliyi altında həyata keçirilən mühüm siyasi, sosial, iqtisadi, mədəni islahatlar sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı, ölkədə maliyyə vəziyyəti sabitləşdi, xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyəsi yaxşılaşmağa başladı.
Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyllər artmağa başladı.

Heydər Əliyevin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü ölkəmizin sosial-iqtisadi vəziyyəti haqqında həqiqətlər dünya ictimayətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

Bəli, bu gün hamı üçün danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının həqiqi xoşbəxtliyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyətində hər bir məqam xalqın və dövlətin mənafeyinə xidmət etmək olmuşdur.
Müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə olan vəziyyət tamamilə dəyişdi. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda aparılan islahatlar birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəldilmişdir. Bütün bu işlərdə hüquq mühafizə orqanlarının hamısı, o cümlədən Azərbaycan Prokurorluğu fəal iştirak etmişdir. Heydər Əliyev daim öz çıxışlarında qeyd edirdi ki, Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çevrişlərinə cəhdlərin qarşısının alınmasında və bunun nəticəsində cinayətkarların yaxalanmasında, cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, beləliklə də cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.
Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri gözü götürməyən xarici düşmənlərin təhriki ilə hakimiyyət iddiasında olan bir qrup şəxslər 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında dövlət və hərbi çevrilişlərə cəhd edərək bir sıra görkəmli dövlət xadimlərinə qarşı terror aktları həyata keçirdilər. Baş vermiş bütün bu ağır cinayət hadisələrinin istintaqı prokurorluq orqanının üzərinə düşmüş və prokurorluğun peşəkar əməkdaşları tərəfindən həmin cinayətlərin üstü açılmış, cinayəti törədən şəxslər ifşa olunmuş və nəticədə cinayətə görə cəzanın labüdlüyü, ədalətlilik prinsipi bərqərar olunaraq cinayətkarların layiqli cəza almaları təmin olunmuşdur.

28 noyabr 1998-ci ildə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasının Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı prokurorluq orqanları işçilərinin əməyinə verilmiş ən yüksək qiymət olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən bir orqana çevrilməsinin təməli ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında işlənilib hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuşdur.

Belə ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının ölkə ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bu baxımdan təsadüfi deyil ki, ölkə həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Konstitusiyada prokurorluğa ayrıca müddəanın həsr olunması bu quruma verilən yüksək qiymətin, onun dövlət orqanları sistemində xüsusi yer tutmasının təzahürü kimi qiymətləndirilməlidir.
Demokratik cəmiyyətə xas prinsipləri təsbit, təmin və müdafiə etmək yönümündə Konstitusiyamızda prokurorluğa ayrıca maddənin həsr edilməsi və bu maddədə onun fəaliyyəti, təşkili, strukturu, səlahiyyət həddinin birmənalı şəkildə öz əksini tapması, hər bir prokurorluq işçisində qürur doğurmaqla yanaşı, dövlət quruculuğu prosesində prokurorluğun layiq olduğu yeri dəqiq müəyyən etmişdir.
Konstitusiyamızın qəbulundan sonra “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanunun qəbul edilməsi isə müstəqil dövlətimizin prokurorluğunun fəaliyyətinin yeni konturlarını müəyyən etmişdir.

Konstitutsiyanın ölkəmizdə aparılan islahatlara təkan verməsi və bunun məntiqi nəticəsi kimi bir çox statut qanunların qəbul edilməsi, Azərbaycanın bəşər sivilzasiyasının ali dəyəri olan insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən bir çox beynəlxalq Konvensiyalara qoşulması ilə yanaşı, dövlətimizin Avropa ailəsinə sürətli inteqrasiyası məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında islahatların aparılmasını zərurətə çevirmişdir.
Dövlət quruculuğu prosesində mühüm rol oynayan hüquq mühafizə orqanlarının fəaliyyətini daima əlaqələndirən ümummilli lider Heydər Əliyevin respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə tarixi görüşü və həmin görüşdəki proqram xarakterli nitqi bu qurumun tarixində çox mühüm yeni mərhələnin başlanğıcını qoydu. Adını və şərəfini daşıdığımız orqanın tarixində ən ciddi tənqidlərlə yaddaşlara həkk olunan bu görüş bizlərə çox şey verdi, çox şey öyrətdi, çox şeylərə yenidən baxmağa sövq etdi. Məhz, bu görüşün prokurorluq orqanlarında yaratdığı sağlam mühit bizə həm dövlətçiliyimizin və həm də təbii ki, təəssübünü çəkdiyimiz peşə qurumumuzun gələcəyinə nikbinliklə baxmağa ümid verdi, hüquqi dövlət quruculuğu və vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunlarımızın aliliyinin təmin olunmasında dövlətimizin başçısına yardımçı olmağa bir daha səfərbər etdi.

İlk növbədə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyi daha da artırılaraq, digər hüquq mühafizə orqanları ilə birlikdə və onlarla düzgün işgüzar əlaqələrin qurulması nəticəsində ölkəmizin müstəqillik əldə etdiyi ilk illərlə müqayisədə cinayətlərin sayının kəskin şəkildə azaldılmasına nail olunmuşdur.
Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi siyasi kursu bütün dünyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə yol açıb. Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan diplomatik uğurlarla yanaşı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin ordu quruculuğunu da diqqət mərkəzində saxlamaqla, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi onun yeni, müasir silahlarla təchiz olunması məsələlərinə də daim qayğı göstərir. Təsadüfü deyil ki, hərbi sahəyə dövlət büdcəsindən ayrılan vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycan ordusu Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilmiş və Ali Baş Komandanın əmri ilə hər an öz torpaqlarını düşməndən azad etmək qüdrətinə malikdir. Azərbaycan ordusu bunu cari ilin aprel ayının əvvəllərində Ermənistanın təxribatçı əməllərinə verdiyi cavabla qəti şəkildə sübut etdi.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətlə xidmət edən Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə iqtisadiyyatda lokomotiv rolunu oynayan neft-qaz sektorundan əldə olunan valyuta ehtiyatları səmərəli şəkildə iqtisadiyyatın digər sektorlarına cəlb edilir, fərəhlə demək olar ki, hazırda ölkəmizdə qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən siyasətin uğurlu nəticələri ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə müşayiət olunur. Ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət proqramının dönmədən həyata keçirilməsi sayəsində bölgələrdə reallaşan işlər ölkənin bütün guşələrində abadlıq-quruculuq işlərinin aparılması yeni istehsal müəssisələri, məktəb, xəstəxana binalarının tikilib istifadəyə verilməsi və digər layihələrin uğurla həyata keçirilməsi davam etməkdədir. Görülən işlərin nəticəsidir ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 1 milyon 200 mindən çox yeni iş yerləri yaradılıb. Bütün bunlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Xalq dövlət üçün çalışmalı, dövlət xalqa xidmət etməlidir” ideyası həyatda öz təcəssümünü tapır.
Tarixə qovuşan 25 il ərzində iqtisadi sferada həyata keçirilən mütərəqqi islahatlar nəticəsində ölkəmizin büdcəsi dəfələrlə yüksəlib.

Ölkədə vətəndaşların sosial-rifahının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin daha da aşağı salınması istiqamətində görülən işlərin nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, bəlkə də daha böyük bir coğrafiyada təqaüdlərlə bağlı ən uğurlu islahatlar həyata keçirən dövlətdir.

Ötən 25 ildə ölkəmizin ictimai-siyasi, mədəni-mənəvi həyatında əldə olunan sürətli inkişaf və beynəlxalq konvensiyalara qoşulması, zamanın tələblərinə uyğun olaraq 1995-ci ildə ilk Konstitusiyanın qəbul olunduğu vaxtdan ötən müddət ərzində bir sıra dəyişikliklər və əlavələr edilməsinə zərurət yaratmışdır. Məhz bu səbəbdən də 2002-2009 və nəhayət 2016-cı ilin 26 sentyabrında Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi müvəffəqiyyətlə həyata keçirilmişdir. Konstitusiyaya olunan əlavə və dəyişikliklərin əsas mahiyyəti insan hüquq və azadlıqlarının daha geniş şəkildə təmin olunması, dövlətin idarəçilik sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da mükəmməl şəkildə təmin olunmasında təzahür etmişdir.

Hər birimiz üçün qürur doğuran haldır ki, Azərbaycan Respublikasının müstəqil, sivil və demokratik məzmunda hüquqi bir dövlət kimi formalaşması Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuş və Azərbaycan xalqının müstəqil dövlətdə azad yaşaması heç nə ilə ölçüyə gəlməyən bir xoşbəxtlikdir.

Əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdə olmaqla, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur.

Azər Hətəmov,
Tərtər rayon prokuroru
vəzifəsini müvəqqəti icra edən,
baş ədliyyə müşaviri.

“Respublika” qəzeti,

20 noyabr 2016-cı il