Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-12-03
Müstəqil siyasət beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəldir

Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Bununla da, zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan 70 illik fasilədən sonra son 100 il ərzində ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Əgər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müstəqilliyi cəmi 23 ay çəkmişdisə, hazırda respublikamız artıq 25 ildir ki, suveren dövlətdir.

Müstəqilliyini əldə etdiyi ilk illərdə Azərbaycan çox mürəkkəb və çətin dövr yaşayırdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən isə mövcud sistemin çökməsi ilə əlaqədar iqtisadiyyat iflic vəziyyətinə düşmüş, ölkədə daxili sabitlik pozulmuşdu. Azərbaycan dövlətçiliyi həqiqi mənada təhlükə altında idi.

Məhz belə bir şəraitdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qurtuluşu baxımından həlledici olmuşdur. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq, ulu öndərin rəhbərliyi altında aparılmış siyasi, sosial və iqtisadi islahatlar nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin əsası və onun gələcək inkişafı üçün möhkəm təməllər üzərində qurulmuş baza yaradılmışdır.

1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü münasibətilə xalqı təbrik edən ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”.

Ümummilli liderin səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, republikamızın cənub və şimal-şərqində separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin etmək məqsədilə cəbhədə atəşkəsə nail olundu. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri və 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.

Vaxtında atılan bu addımlar böhran vəziyyətində olan Azərbaycan iqtisadiyyatını yenidən hərəkətə gətirdi. İqtisadiyyatın canlanması, Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına gətirib çıxardı. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Belə ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafın hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək hüquq sisteminin bünövrəsini təşkil etmiş və məhkəmə hüquq islahatlarının keçirilməsinin təməlini qoymuşdur. Bunun da nəticəsi olaraq qısa müddət ərzində ölkədə müasir dünya təcrübəsinə uyğun olan yeni sahəvi və sahədaxili qanunlar, hüququn müxtəlif sahələrini əhatə edən məcəllələr, Konstitusiya Məhkəməsi, məhkəmələr və hakimlər, prokurorluq, polis haqqında və s. qanunlar qəbul olundu. 1998-ci ildə Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü.

Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib.

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, daxili və xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Əlbəttə, bu uğurlar ulu öndər Heydər Əliyevin yürütdüyü, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən siyasət strategiyası sayəsində qazanılıb.

Təqdirəlayiq haldır ki, dövlət başçısının 2016-cı il 11 oktyabr tarixli Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması qərara alınmış və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” ölkə başçısının 2016-cı il 11 oktyabr tarixli Sərəncamı müstəqillik dövründə keçdiyimiz yolun aydın və əhatəli icmalını təqdim edərək, xüsusilə uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimizin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişaf etməsi, mədəniyyətimizin zənginləşməsi və müstəqil Azərbaycan Respublikasının bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyi olmasını vurğulayır.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan hazırda dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə bir-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər “Eurovision” mahnı yarışması, ilk Avropa oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində həyata keçirilir. Bugün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək, tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir. Bütün əldə edilən bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında prokurorluq orqanlarının demokratik məzmunda yenidən formalaşdırılması, onun beynəlxalq standartlara uyğun yeni statusunun müəyyənləşdirilməsi, yeni kadr korpusunun hazırlanması, maddi-texniki təminatının yüksək səviyyəyə qaldırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəklində və yüksək tələbkarlıq səviyyəsində fəaliyyət göstərən, dövlətçiliyimizin maraqlarının insan hüquq və azadlıqlarının müdafiəsinə, cinayətkarlıqla mübarizə işinə xidmət edən sivil bir dövlət təsisatına çevrilməsi yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur. Hazırda Heydər Əliyev strateji xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin yüksək səviyyədə təşkili, kadrların saflaşdırılması, peşə hazırlığının artırılması üçün mümkün ola biləcək hər cür şərait yaradılmaqla prokurorluq orqanlarına hərtərəfli dövlət qayğısı və diqqət göstərilir.

Azərbaycan Prokurorluğu xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər, çox çətin və mürəkkəb, həm də şərəfli bir inkişaf yolu keçərək, indiki səviyyədə formalaşmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfəsini vermişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan ilk ali qanunumuzda ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyəti və vəzifələri dəqiqləşdirilmişdir. 1996-cı ildə dahi rəhbərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılan Hüquqi islahatlar komissiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu ki, bu da, qısa zaman kəsiyində uğurla həyata keçirilməklə, prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir. Ötən dövrdə dövlətçiliklə bağlı etibarlı fəaliyyətin təzahürü olaraq, ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi reallığın bərpa olunması ilə yanaşı, həm də prokurorluğun dövlət idarəçiliyində roluna münasibətin rəsmi yekunudur.

Konstitusiyanın qəbulundan sonra cəmiyyətin həyatının bütün sahələrini əhatə edən köklü dəyişikliklər prosesi çərçivəsində “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmaqla sovetlər dövrünün prokurorluğu üçün xarakterik olan funksiya və səlahiyyətlərdən imtina olunmasının hüquqi əsasları müəyyən edilmiş, prokurorluq orqanlarının fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması məqsədilə müvafiq struktur dəyişiklikləri və islahatların aparılmasına zəmin yaradılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılaraq demokratik mahiyyətdə yenidən formalaşdırılan prokurorluğun səmərəli fəaliyyəti üçün mühüm işlər görülmüşdür.

Prokurorluq orqanlarının müstəqil dövlətimizin mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində müsbət işlərin görülməsinin nəticəsidir ki, dövlət başçısı cənab İlham Əliyevin prokurorluğun 90 illik yubileyi ilə əlaqədar kollektivə ünvanlanan müraciətində xüsusi vurğulanmışdır ki, “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir... Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində respublika Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Dövlət Proqramı ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə böyük inamının və etimadının, yüksək qayğısının təzahürü olaraq prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə qəbul edilmişdir. Dövlət Proqramında prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsi və müasir dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməsi tədbirləri əks olunmuşdur.

Azərbaycan Respublikasının həyatında taleyüklü məsələlərin həll edildiyi, ölkə həyatının bütün sahələrində hərtərəfli inkişafa nail olunduğu müasir dövrdə prokurorluq orqanlarının qarşısında çox mühüm vəzifələr durur və həmin vəzifələrin uğurla həyata keçirilməsi prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir.

 

Azər ƏsgƏrov,

Bakı şəhər prokurorunun müavini,

baş ədliyyə müşaviri.

“Respublika” qəzeti,

03 Dekabr 2016- cı il